Noyabrın 28-də Bakıda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində hərbi hissənin yaradılmasının 14 illiyi və döyüş sırasına daxil edilən yeni sərhəd-gözətçi gəmisinə hərbi-dəniz bayrağınının təqdimat mərasimi keçirilib. Trend xəbər verir ki, mərasimdə Dövlət Səhrəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev də iştirak edib.
E.Quliyev şəxsi heyəti salamladıqdan sonra hərbi hissənin Döyüş Bayrağı sıra meydanına gətirilib, təntənəli mərasim açıq elan olunduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra isə hərbi-dəniz Bayrağı döyüş sırasına daxil edilən yeni sərhəd gözətçi gəmisinin komandirinə təqdim edilib və gəminin qafelində (bayraq ağacında) qaldırılıb.
E.Quliyev şəxsi heyət qarşısında çıxış edərək bildirib ki, Sahil Muhafizəsinin sıralarında xidmət aparacaq yeni sərhəd gözətçi gəmisi bütün hava şəraitində üzmə qabiliyyətinə malik olmaqla dənizdə dövlət sərhədinin daha etibarlı mühafizəsini həyata keçirəcək. "Yeni döyüş gəmisi Xəzər dənizinin Azərbaycana aid hissəsində bioloji resursların, enerji ehtiyatlarının, sualtı neft-qaz ixrac boru kəmərlərinin və platformaların qorunması, Xəzər dənizində beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya və qaçaqmalçılığa qarşı mübarizə aparılması istiqamətində mühüm rol oynayacaq" - deyə E.Quliyev vurğulayıb.
Mərasimdə döyüş sırasına yeni daxil edilən gəminin şəxsi heyəti tərəfindən qəza-xilasetmə və digər avadanlıqlar nümayiş etdirilib və gəmiyə baxış keçirilib.