...

Deputatlar İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavəni qəbul etməyiblər

Siyasət Materials 29 Mart 2007 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının martın 29-da keçirilən iclasında "İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb. Qeyd edəe ki, təklif olunan əlavə Azərbaycanla müharibə vəziyyətində olan ölkə ilə (indiki dövrdə Ermənistan nəzərdə tutulur) ictimai və iqtisadi münasibətlər qurmağı nəzrdə tutan hüquqi, fiziki və vəzifəli şəxslərin İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmasını nəzərdə tutur. Lakin deputatlar bu əlavəyə etiraz ediblər və müzakirələr təxirə salınıb.

Milli Məclis sədrinin birinci müavini, komissiyanın sədri Ziyafət Əsgərov bildirib ki, dörd məsələni əhatə edən   gündəliyə   komissiyaya yeni daxil olmuş daha bir qanun layihəsinin əlavə olunması təklif edilir. Komissiya üzvləri "Hərbi qulluqçuların statusu haqqında" qanuna dəyişikliklər və əlavə edilməsinə dair sənədin müzakirəsinə tərəfdar çıxıblar.

İclasda məlumat verilib ki,  "Azərbaycan Respublikası hökuməti və Fransa Respublikası hökuməti arasında mülki müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq və yardım haqqında" 2007-ci il yanvarın 30-da Parisdə imzalanmış saziş əsasən fövqəladə hallarda- təbii fəlakət və texnogen qəzalar zamanı könüllü qarşılıqlı yardım məsələlərini nəzərdə tutur. 16 maddədən ibarət bu Saziş 5 il qüvvədə olacaq.

Sonra 2006-cı il noyabrın 20-də Abu-Dabi şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında hərbi əməkdaşlıq  haqqında" sazişin təsdiqinə dair qanun layihəsinə baxılıb. Qeyd olunub ki, 11 maddədən ibarət bu sənəd hər iki ölkənin müstəqilliyi, suverenliyi nəzərə alınmaq şərtilə hərbi əməkdaşlıq vasitəsi ilə mövcud ikitərəfli münasibətləri möhkəmləndirmək və gücləndirmək məqsədi daşıyır. Deputatlar hər iki sazişi  Azərbaycanın dövlət və milli maraqlarına cavab verən sənəd kimi dəyərləndiriblər və  təsdiqinə razılıq veriblər.

Sonra "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr olunması və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab  edilməsi barədə məsələyə baxılıb və müsbət münasibət bildirilib.

Komissiyanın iclasında müzakirəyə çıxarılan növbəti qanun layihəsinə görə, "Hərbi qulluqçuların statusu haqqında" qanunun pul təminatı və maddi təminat hüququ ilə bağlı 10-cu maddəsinin 3-cü bəndi ləğv edilir. Qanunun hərbi qulluqçuların ailələrinin sosial müdafiə hüququ ilə əlaqədar 21-ci maddəsinə isə redaktə xarakterli düzəliş təklif olunur. Müzakirələrdə vurğulanıb ki, hərbi qulluqçuların sosial müdafiəsi ilə əlaqədar Azərbaycan prezidentinin imzaladığı  sərəncamlar var və müvafiq məsələlər həmin sərəncamlarla tənzimlənir.

Gündəlikdəki 4 məsələnin parlamentin plenar iclaslarının müzakirəsinə təqdim olunması  məqsədəuyğun sayılıb.

Xəbər lenti

Xəbər lenti