...

Nümayəndə heyətinin üzvü: "NATO-nun Rouz-Rousd seminarının 2008-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub"

Siyasət Materials 26 May 2007 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/NATO-nun Rouz-Rousd seminarının 2008-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub. Bu barədə şənbə günü telefonla NATO Parlament Assambleyasının (NATO PA) Portuqaliyanın Madeyra şəhərində keçirilən yaz sessiyasında iştirak edən Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, millət vəkili Siyavuş Novruzov məlumat verib.

Deputat qeyd edib ki, sessiya çərçivəsində bu məsələni NATO Parlament Assambleyasının rəhbərliyi ilə bir daha müzakirə edəcəklər.

Novruzov bildirib ki, mayın 25-də öz işinə başlayan NATO Parlament Assmbleyasının (NATO PA) ilk iclasında NATO-nun baş katibi Yaap de Hoop Sxeffer, Portuqaliyanın baş naziri, Gürcüstan parlamentinin sədri Nino Burcanadze, Makedoniyanın baş naziri və digər şəxslər çıxış ediblər. Çıxışlarda NATO-nun qarşısında duran vəzifələr, təhlükəsizlik məsələsi müzakirə olunub.

"Bütün çıxışlarda Cənubi Qafqazdakı vəziyyətə, o cümlədən Avropanın enerji təhlükəsizliyi məsələsinə münasibət bildirildi. Avropanın enerji təhlükəsizliyinin təmin olunması məsələsində Azərbaycanın kifayət qədər rol oynadığı xüsusi qeyd olundu", -deyə nümayəndə heyətinin üzvü əlavə edib.

Onun sözlərinə görə, sessiya qurumun ayrı-ayrı komitələrində keçirilən iclaslarla davam etdiriləcək. Sessiyada "Qara dəniz ölkələrində dövlət və din" mövzusu müzakirə olunacaq: "Azərbaycan nümayəndə heyətinin üzvləri bu mövzu üzrə çıxış edəcəklər. Bundan başqa İraq, İran, Əfqanıstan və digər ölkələrdəki vəziyyət müzakirə olunan zaman Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü məsələsini qaldıracağıq".

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti sessiya çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək: "NATO Parlament Assambleyasının sədri, qurumun baş katibi və digər rəsmi şəxslərlə görüşəcəyik".

NATO Parlament Assambleyasının yaz sessiyası mayın 25-də başlayıb və 28-dək davam edəcək. Sessiyada dünya miqyasında baş verən qlobal hadisələr, terrora qarşı mübarizə, müharibələr və hərbi texnologiyaların yayılmaması məsələsi, iqlim dəyişikliyi, kosmosa dair beynəlxalq hüququn təkmilləşdirilməsi kimi məsələlər müzakirə olunacaq.

İclasda Azərbaycan nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinə Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov, deputatlar Siyavuş Novruzov,  Tahir Süleymanov və Qüdrət Həsənquliyev daxildir.

Azərbaycan NATO PA-nın assosiativ üzvüdür.

Xəbər lenti

Xəbər lenti