...

Rusiyanın Gürcüstanda yerləşən 12-ci hərbi bazasından hərbi sursat və texnikanın növbəti hissəsi yola salınıb

Siyasət Materials 5 İyul 2007 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend E.Hüseynov/ Rusiyanın Gürcüstanın Batumi şəhərində yerləşən 12-ci hərbi bazasından Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdırılacaq silah-sursat və hərbi texnika ilə yüklənmiş növbəti eşelon cümə axşamı yola salınıb. Bu, may ayından başlayaraq Gürcüstandan Rusiyaya yola salınan səkkizinci eşelondur.

Eşelonun tərkibinə 39 ədəd rabitə texnikasının yükləndiyi 27 platforma və bir vaqon daxildir - Azərbaycanın Gürcüstandakı səfirliyindən cümə axşamı telefonla verilən məlumatda belə deyilir. Texnikanın növbəti hissəsi iyulun 12-də yola salınacaq.

Azərbaycan və Rusiya arasında Azərbaycan ərazisi vasitəsilə əmlakın və texnikanın nəqli barədə razılıq keçən yay hökumətlərarası səviyyədə əldə olunub. Avqustun sonuna qədər Gürcüstandan 14 eşelon yola salınacaq. Texnikanın böyük hissəsi avqustun sonuna qədər hər cümə axşamı Rusiyaya daşınacaq.

5 eşelon Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasına göndəriləcək. İki həftə bundan əvvəl Rusiya Axalkalakidə yerləşən 62-ci hərbi bazasını boşaldıb. RF-nin Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya və Gürcüstan arasında əldə olunmuş razılığa əsasən, 2008-ci il ərzində Batumidə yerləşən ikinci və sonuncu 12-ci rus hərbi bazası bağlanmalıdır.

RF müdafiə nazirinin müavini, ordu generalı Vladimir İsakovun verdiyi məlumata görə, texnikanın Azərbaycan ərazisindən daşınması Rusiyaya hərbi sursatın bazalardan çıxarılmasını asanlaşdırmağa və RF Maliyyə Nazirliyinin xərclərini azaltmağa imkan verir.

Ermənistanda Rusiyanın 102-ci hərbi bazası yerləşib. Azərbaycanda heç bir rus hərbi bazası yerləşmir.

Rusiya və Gürcüstan arasında Rusiyanın Zaqafqaziya, Gürcüstan ərazisində yerləşən hərbi bazalarının və digər hərbi obyektlərinin çıxarılması tarixi və ardıcıllığı barədə razılıq 31 mart 2006-cı ildə əldə olunub.

Xəbər lenti

Xəbər lenti