Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müsavat Partiyası yürüş-mitinqlərinin bərpa edilməsi haqda iyulun sonunda qərar verə bilər. Bu barədə Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı məlumat verib.
O bildirib ki, Müsavat Partiyası jurnalistlərin hüquqlarını müdafiə komitəsinin təşkil etdiyi etiraz aksiyalarında iştirakı vacib sayır. Ona görə də partiya özünün ayrılıqda kütləvi aksiyalar keçirməsinə fasilə verib.
"Milli Mətbuat Günü ilə bağlı jurnalistlərin hakimiyyət nümayəndələri ilə görüşü gözlənilir. Bu görüşün nəticəsi kimi, həm də mətbuat bayramı ilə əlaqədar həbsdə olan jurnalistlərin azadlığa buraxılacağı gözlənilir. Çünki bununla bağlı Azərbaycana beynəlxalq qurumlardan, xarici dövlətlərdən rəsmi və qeyri-rəsmi tələblər gəlir. Əgər jurnalistlər azadlığa buraxılacaqsa və buna görə də Redaktorlar Birliyinin artıq etiraz aksiyaları dayandırılacaqsa, Müsavat Partiyası özünün yürüş-mitinqlərini bərpa edə bilər" - deyə Hacılı bildirib.
Onun sözlərinə görə, partiyanın bu qərarı iyulun sonuna kimi qəbul edilə bilər.
Müxalifəti təmsil edən Müsavat Partiyası Azərbaycanda qiymət artımına etiraz olaraq yanvardan başlayaraq bir neçə dəfə yürüş-mitinq keçirib.