...

YAP funksioneri: Müxalifət seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması fikirindən əl çəkməlidir

Siyasət Materials 10 Avqust 2007 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Müxalifət seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması fikirindən əl çəkməlidir. Paritet dedikdə, söhbət seçki komissiyalarının yalnız müxalifət partiyaları ilə hakim partiyanın nümayəndələrinin yarıbayarı iştirakı ilə formalaşdırılmasından gedirsə, bu real deyil. Bu barədə cümə günü Bakıda hakim Yeni Azərbaycan Partiyası (YAP) icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Qurbanlı qeyd edib ki, müxalifət partiyalarının sayı kifayət qədər çoxdur: "Azərbaycanda 42 siyasi partiya rəsmi qeydiyyatdan keçib. Seçki komissiyalarını bu partiyalar arsında paritet şəkildə necə bölmək olar? Dünya təcrübəsini nəzərə alsaq paritet əsasların parlamentə uyğun şəkildə müəyyənləşdirildiyinin şahidi olarıq".

Azərbaycan parlamentində YAP-ın say tərkibinə görə birinci partiya olduğunu vurğulayan millət vəkili deyib ki, bundan sonra digər partiyalar və bitərəflər də var: "Parlamentdəki çoxluğu nəzərə alsaq onda gərək seçki komisiyalarında mütləq əksəriyyəti biz götürək. YAP isə 3 əsas xətti götürüb: YAP, parlament müxalifəti və bitərflər. Bu tərkibdə paritet var və düşünürəm ki, müxalifətin bu təklifi də onların düşünülməmiş bir addımlarındandır".

Azərbaycanın seçki komissiyaları hakim partiya (6 yer), parlamentdə təmsil olunan partiyalar (6 yer) və bitərəf deputatların nümayəndələrindən (6 yer) ibarət formalaşdırılıb. Beynəlxalq təşkilatlar seçki komissiyalarının yenidən formalaşdırılmasını istəyirlər. Bununla bağlı Avropa təşkilatları ilə Azərbaycan hökuməti arasında danışaqlar davam edir.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti