...

Azərbaycanın müxalifətçi deputatlarının birliyi yaradılır

Siyasət Materials 27 Avqust 2007 12:28 (UTC +04:00)
Azərbaycanın müxalifətçi deputatlarının birliyi  yaradılır

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Azərbaycan parlamentində müxalifəti təmsil edən deputatları birləşdirəcək yeni qrupun yaradılması ilə bağlı müzakirələr aparılır. Bu barədə bazar ertəsi Bakıda Böyük Quruluş Partiyasının sədri, parlamentdə müxalifəti təmsil edən millət vəkili Fazil Qəzənfəroğlu məlumat verib.

"Milli Məclisdə müxalifəti təmsil edən deputatların ümumi birliyinin təmin edilməsi vacibdir" - deyə Qəzənfəroğlu bildirib.

Azərbaycanda 2005-ci ildə keçirilən parlament seçkilərindən sonra qanunverici orqanda təmsil olunan müxalifətçi deputatların vahid qrupda birləşdirilməsi cəhdləri heç bir nəticə verməyib. Nəticədə Milli Məclisdə müxalifətçi millət vəkillərindən ibarət iki qrup - Müxalifət deputat qrupu və Müsavat deputat qrupu yarandı. Lakin bir müddət sonra Müxalifət deputat qrupunda təmsil olunan millət vəkilləri arasında fikir ayrılığı yarandığına görə qrupun fəaliyyətinə son qoyuldu. Müxalifətçi deputatlar bildirirlər ki, onların ayrı-ayrılıqda fəaliyyətləri heç bir effekt vermədiyinə görə, parlamentdə yeni qrupun yaradılması vacibdir.

Qəzənfəroğlu vurğulayıb ki, qarşıdan prezident seçkiləri gəlir və Milli Məclisdə təmsil olunan müxalifətçi deputatlar arasında prezidentliyə namizəd olmaq istəyənlər var: "Bu məsələ müxalifətçi deputatların birləşməsinə mane ola bilər. Lakin hesab edirəm ki, müxalifətçi deputatlar siyasi ambisiyalarını bir kənara qoyub birləşməlidirlər".

Deputat qeyd edib ki, yeni qrupun yaradılması ilə bağlı müzakirələr sentyabr ayında daha intensiv şəkildə davam etdiriləcək. Onun sözlərinə görə, Milli Məclisin payız sessiyası başlayana qədər yeni qrupun yaradılmasına nail olmaq istəyirlər.

Müsavat deputat qrupunun üzvü, millət vəkili Pənah Hüseyn isə bildirib ki, deputatlar yay tətilində olduqlarına görə, parlamentdə təmsil olunan müxalifətçi deputatların yeni birliyinin yaradılması haqda müzakirələr sentyabr ayında başlayacaq.

Hüseyn vurğulayıb ki, Müsavat deputat qrupu müxalifətçi millət vəkillərinin ümumi birliyinin yaradılmasına tərəfdardır və bu prosesdə iştiraka icazə verib.

Lakin deputatların yeni birliyi yaradılsa belə, Müsavat deputat qrupu öz fəaliyyətinə son qoymağı planlaşdırmır. Hüseyn bildirib ki, adıçəkilən qrup bir il yarımdır ki, fəaliyyət göstərir: "Yeni qrupun necə fəaliyyət göstərəcəyi, ümumiyyətlə yaranıb-yaranmayacağı məlum olmadığına görə, Müsavat deputat qrupu fəaliyyətini dayandırmayacaq. Müsavat deputat qrupu yeni birliyə ya qrup, ya da fərdi şəkildə üzv ola bilər. Ola bilsin ki, müsavatçı deputatlardan kimsə yeni birliyə daxil olmasın".

Müxalifəti parlamentdə 12 deputat təmsil edir.

Xəbər lenti

Xəbər lenti