...

Müğənni Natəvan jurnalistə şər atıb?

Cəmiyyət Materials 21 Sentyabr 2007 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 sentyabr /müx. TrendLife Səbinə Haşımova/

Müğənni Natəvan Həbibi ilə jurnalist Cavanşir Babəlioğlu arasında yaşanan qalmaqal özünün pik həddini yaşayır. Müğənni həmkarımızı kəskin ittiham atəşinə tutub, onu anti-piarının əsas fiquru kimi qiymətləndirmişdi. Olub-bitənələrə münasibət bildirən C.Babəlioğlu yaxın keçmişə qayıdıb, öncə dost, indi isə mehriban düşmənə çevrildiyi Natəvan barəsində bunları danışdı: "Natəvanla dostluğumuzun tarixi üç ildən soxdur. Natəvan hara gedirdisə, deyirdi ki, Cavanşir mənim mətbuat katibimdir. Bəli, özü də danmır ki, mənim ona çox köməyim dəyib. Xəstə olan vaxtlarda, heç kimin itirib-axtarmadığı anlarında ona çox böyük dəstəyim olub. Qəzetlərdə, maqazin verilişlərində xəbərlər yayılmasında kifayət qədər ona yardımçı olmuşam. Halbuki, onda Natəvan heç kimə lazım deyildi. Natəvan bir-iki dəfə Moskvaya gedib-gələndən sonra başladı göylə getməyə. Bu da sponsor tapması ilə bağlı idi".

Qalmaqalın xalq mahnısı "Lay-lay"ın üstündə düşdüyünü etiraf edən Babəlioğlu, özünə belə haqq qazandırdı: "Bilirsiz ki, "Oxuyan Mətbuat" adlı festival keçirilirdi. Və mən də orada iştirakçı idim. Xahiş etdim ki, ifa etdiyi "Lay-lay" mahnısının minusunu mənə versin. O isə, razılaşmadı. Və sərt şəkildə mənə cavab verdi ki, olmaz! Xeyli sonra onunla qarşılaşdıq. Artıq ona qarşı soyuq münasibətdə olduğumu bilib, özü məni qucaqlayıb- öpdü ki, qurbandı sənə bütün mahnılarım. Mən isə söhbəti bağlayıb, onu danışdırmadım. Daha sonra prodakşnların birində yenə görüşdük. Mən Xuraman Şuşalı ilə ora getmişdim. Yenə də salamlaşmadıq. Xeyriyyə konsertlərinin birində mən aparıcı kimi səhnədə idim. O da həmin konsertə gəlmişdi. Və növbəsini gözləmədən inad etdi ki, mən oxumalıyam. Mən də səhnəyə çıxıb rəqs nömrəsini elan etdim. Sonra nişanlısı Ruslan mənə hədə-qorxu gəlməyə başladı. Açıq-aşkar ona dedim ki, bəs səkkizinci oğlansan ki, səni Natəvanın yanında görürəm. O da mənə dedi ki, Natəvana nə kömək etmişəmsə, qarşılığında təmənna güdmüşəm. Mən isə əvəzində söylədim ki, əzizim, yadında saxla: Natəvan heç vaxt mənə pul verməyib. Natəvanın pulu olsaydı, "Gənclik"də kirayə qalanda Zöhrab Ağayevə yalvarmazdı ki, ona pul versin. Nə olub, indi pullu çıxıb?".

Danışdıqca əsəblərinə hakim olmayan həmkarım, müğənninin konkret ittihamlarında niyə görə adının hallandırıldığını isə hələ də anlaya bilmir: "Bu, Natəvanın reklamıdır. Bilməyənlərə xatrladım ki, bir vaxtlar başqa bir formada Rəqsanə İsmayılova adımdan istifadə edib, toy bazarında qiymətini qaldırdı. İndi də Natəvan bundan yararlanır. Neyləsin, yəqin toya çağırmırlar, o da mənimlə özünə qalmaqal axtarır. Amma sizə verdiyi müsahibəsində konkret məni şərləməsini əsla ona bağışlamayacam. Deyir ki, erməni əsilli Akopyan olmasını, xəstəliyini guya mən yaymışam. "Siflis"ə yoluxması barəsində xəbərlər 1 il bundan öncə, cərrahiyyə əməliyyatı keçirən zaman yayılmışdı. O vaxt rəfiqələri epiqrizləri qəzetlərdə çap etdirmişdilər ki, Natəvan bu xəstəlikdən əziyyət çəkir. Amma mən o vaxt bu söz-söhbətlərin qarşısını aldım. O ki qaldı erməni olması haqda yazıların mətbuatda dərc edilməsi məsələsinə, mən ötən il keçirilmiş "İlin mahnısı" müsabiqəsinin finalından sonra, bu müğənni barəsində bir cümlə də olsun yazmamışam. Başa düşmürəm, o, niyə belə şübhəli danışır? Bir də, "soğan yeməyibsə, içi niyə göynəyir?". İşim-gücüm qurtarıb ki, onun-bunun şəxsiyyətinə toxunacaq məsələləri ictimaiyyətə çıxarım? Qoy Natəvan bilsin ki, onun qara piarına rəhbərliyi mən etmirəm. Əslində, mən mübarizəyə başlasam, başqa cür cavab verərəm. Amma ona sərf edəsi nə vaxtım, nə həvəsim var. Düşmənini öz ətrafında axtarsa, pis olmaz. Anlasın ki, mənimlə gündəmdə olmaq ləzzətini bundan belə dadmayacaq".

Xəbər lenti

Xəbər lenti