...

Bu il altı minə yaxın azərbaycanlı zəvvar Həcc ziyarətinə gedəcək

Cəmiyyət Materials 21 Noyabr 2007 13:18 (UTC +04:00)
Bu il altı minə yaxın azərbaycanlı zəvvar Həcc ziyarətinə gedəcək

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Bu il altı minə yaxın azərbaycanlı zəvvar Həcc ziyarəti edəcək. Bu il Qafqaz Müsəlmanları İdarəsi tərəfindən ayrılmış 4500 yerlik kvota yerinə yetirilib, digər yerlər isə Həcc ziyarətinin təşkili ilə məşğul olan özəl turist şirkətləri tərəfindən təmin olunub. Bu barədə çərşənbə günü Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr Şöbəsinin rəhbəri Müqəddəs Payızov məlumat verib.

Payızovun sözlərinə görə, zəvvarların birinci qrupu dekabrın 3-5-də iki avtobus karvanı ilə yola düşəcək. Hər bir karvan 35 avtobusdan ibarət olacaq. Hava nəqliyyatına üstünlük verən zəvvarlar Həcc ziyarətinə dekabrın 9,10 və 12-də yola düşəcəklər.

Avtobus marşrutları dəyişməz olaraq qalır, İran-Türkiyə-Suriya-İordaniya-Səudiyyə Ərəbistanı. Qafqaz Müsəlmanları İdarəsi nümayəndəsinin məlumatına görə, zəvvarların yolda müsəlman aləminin müqəddəs sayılan yerlərə baş çəkmək imkanı olacaq.

Təyyarələr Bakı-Ciddə marşrutu üzrə hərəkət edəcək, Ciddədən zəvvarlar avtobuslarla Məkkəyə yola düşəcəklər. Vətənə qayıdarkən isə zəvvarlar Bakıya ötən il olduğu kimi Ciddədən deyil, Mədinədən uçacaqlar. "Bu, azərbaycanlı zəvvarların Vətənə uçuşunu asanlaşdıracaq, belə ki, ötən il Ciddə hava limanında həddən artıq yüklənmə səbəbindən zəvvarlar bir neçə gün reyslərini gözləməli olublar" - deyə Payızov bildirib.

Xəbər lenti

Xəbər lenti