...

Azərbaycan şou-biznesinin nümayəndələri Xocalı soyqırımı günü konsert proqramı ilə çıxış ediblər

Cəmiyyət Materials 28 Fevral 2008 12:32 (UTC +04:00)

İsrail, Yerusəlim, 28 fevral /müx. TrendLife R.Abdullayev/

Fevralın 26-sı, Xocalı soyqırımı günündə hər kəs matəm içində olarkən, bu faciənin ağrısını yaşayarkən, şou-biznes nümayəndələri məhz həmin gün İsrailin Hayfa şəhərində konsert proqramı ilə çıxış etdilər. Bu haqda TrendLife-a İsraildə Azərbaycanlılar Konqresinin Şimal Nümayəndəliyinin rəhbəri Bəbir Namazov xəbər verib.

Təəssüf hissi ilə vurğulamaq lazımdır ki, yerli şou-biznesin nümayəndələri bu tarixi tez unudublar. Bir daha onların yadına salmaq istərdik ki, Xocalı faciəsi 1992-ci il fevral ayının 26-da baş verib. Nəticədə 613 nəfər ölüb, 1275 nəfər əsir, 150 nəfər itkin düşüb, 487 nəfər əlil qalıb. Bununla əlaqədar İsraildə Azərbacanlılar Konqresinin prezidenti Aleks Şapiro Süleyman TrendLife-a bunları söylədi: "İsrailin Azərbaycanlılar Konqresi İsraildə Azərbaycanın maraqlarını müdafiə edir və buna görə də həmin konsert proqramının təşkilatçılarının və proqramda iştirak edən estrada ulduzlarının vətənpərvər hissinin olmaması ilə əlaqədar etiraz etməyi özünə borc bilir".

Onun fikrincə, Nadir Qafarzadə, Aşıq Zülfiyyə, Rühəngiz Allahvediyeva, Nazpəri Dostəliyeva kimi müğənnilər əgər bu günü unudurlarsa, deməli, həmin gün onların heç "tükləri də tərpənməyir".

Bəbir Namazov isə hesab edir ki, Azərbaycan xalqı matəm günündə şəhidlərə ağlayırsa, şou-biznes nümayəndələri isə bunun heç fərqinə varmayıb, konsert verirlərsə, bu biabırçılıqdır. O, Azərbaycanın dövlət strukturlarından, Xarici İşlər və Mədəniyyət və Turizm nazirliklərindən buna rəsmi reaksiya verilməsini tələb edir.

Xəbər lenti

Xəbər lenti