Azərbaycan, Bakı, 13 iyun / Trend / Euro-2008-in oyunlarından biri olan Xorvatiya -Almaniya görüşü birincilərin qələbəsi ilə başa çatıb. Bütün proqnozlara rəğmən almanlar xorvatlara qalib gələ bilməyiblər və nəticədə 1:2 hesabı ilə məğlub olublar. Bu oyunda hesabı 24-cü dəqiqədə xorvatiyalı Darijo Srna açıb, 63-cü dəqiqədə isə İvitsa Oliç hesab arasındakı fərqi ikiyə çatdırıb. Matçın 79-cü dəqiqəsində isə almaniyalı Podolğski komandasının bu görüşdə yeganə qolunu vurub.
Bu görüşü belçikalı arbitr Frank De Blekerenin başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Yoahima Lövün yetirmələri polyaklar üzərində inamlı qələbədən sonra bu oyunda favoritlər hesab olunurdu.
Xorvatlar isə avstriyalılarla görüşdə inamı doğrultmadılar. Hər halda seçmə mərhələsində ingilislər üzərində qələbədən sonra onlardan daha inamlı oyun gözlənilirdi. Bu üzdən də Slaven Biliç futbol ictimaiyyətini təəccübləndirmək niyyətində idi və nəticədə o bunu edə bildi.