Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Olimpik" futbol klubu sonuncu mövsümdə xidmətindən istifadə etdiyi 13 futbolçu ilə yollarını ayırıb.Bu barədə çərşənbə günü Trend -a "Olimpik" klubunun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov məlumat verib.
"Olimpik"lə Azərbaycan Premyer-Liqasının gümüş medallarını qazanan futbolçulardan Fabio Luis Ramim, Junivan Suares, Fərrux İsmayılov, Samir Musayev, İlami Halimi, Yovan Drobnyak, Yuri Muzika, Draqan Mandiç, Dmitri Parxaçov, Orxan Rəcəbov, Namiq Əliyev, Bilal Velija və Sergey Qribanovun xidmətindən imtina olunub. Bu oyunçulardan bəziləri artıq başqa klublarla transfer danışıqlarına başlayıb. "Olimpik"in aparıcı futbolçusu sayılan Fabio Luis Ramim isə, artıq bir neçə gündür ki, "Bakı" klubu ilə müqavilə bağlayıb.
Əsgər Abdullayevin baş məşqçisi olduğu komandada kapitan Tərlan Əhmədov, müdafiəçilər Usim Nduka ilə Elvin Əliyev, yarımmüdafiəçilərdən isə Aqil Nəbiyev və Yaşar Abuzərovla yanaşı, qapıçı Rauf Mehdiyev saxlanılıb.
"Olimpik"in yeni transfer etdiyi futbolçuların adları da məlum olub. Bunlar Ramin Quliyev, Bəşir Müqədi, Roman Axalkatsi və Arif Daşdəmirovdur.
Klubun mətbuat xidmətinin verdiyi məlumata görə, artıq braziliyalı legioner Klaudio Dos Santos - Dianu da "Olimpik"in düşərgəsindədir. Baş məşqçi Bolqarıstanın "Belasitsa" klubundan gələn bu yarımmüdafiəçini baxışdan keçirib, onunla bağlı son qərarını verəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]