Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir K. Zərbalıyeva/Abşeron rayonu Müşfiq qəsəbəsindəki "ABU-Petrol" yanacaqdoldurma məntəqəsinə silahlı basqında ittiham edilən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Ötən il oktyabrın 19 - da saat 04.35 radələrində maska geyinmiş 5 naməlum şəxs Abşeron rayonu Müşfiq qəsəbəsindəki "ABU-Petrol" yanacaqdoldurma məntəqəsinə gələrək, oranın işçiləri, Bakı şəhər sakini Kamran Xanobadskini, Müşfiq qəsəbə sakini Zaur Fəttayevi və Tərtər rayon sakini Feyruz Məmmədovu odlu silahla hədələməklə, onlara məxsus 3 ədəd mobil telefonu və məntəqəyə məxsus 1300 manat pulu aparıblar.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Rauf Əliyevin sədrliyi ilə keçən prosesdə dövlət ittihamçısı təqsirləndirilənlərə iş istəyib.
Prokuror dəstə üzvləri Qahir Zəkiyev, Daşqın Ağabalayev, Emin Ağayev, Sadiq Mirzəcanov, Vüsal Zamanov, Ramin Əhmədov, Ceyhun Həsənova 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasının verilməsini məhkəmədən xahiş edib.
Dəstə üzvləri Cinayət Məcəlləsinin quldurluq (181.3.1), oğurluq (177.2.1), qanunsuz olaraq odlu silah və onun ehtiyat hissələrini əldə etmə (228.1, 228.2.1), əmlakı qəsdən məhv etmə və ya zədələmə (29.186.2.1) və digər maddələrlə ittiham olunurlar.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]