...

Bu gün Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə test imtahanı keçirilir

Cəmiyyət Materials 9 Noyabr 2008 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 noyabr / Trend / Bu gün Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə test imtahanı keçirilir. 11 sentyabr 2008-ci il tarixdə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 33 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 601 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 17 oktyabr 2008-ci il tarixdə başa çatmış və 2364 namizəd qeydə alınıb. Bunlardan 584 qadın (25%-i), 1780-i isə kişidir (75%-i).

"Dövlət qulluğu haqqında" qanuna əsasən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqənin birinci mərhələsi olan test imtahanı sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilməlidir. Qanunun bu tələbini rəhbər tutaraq Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə test imtahanını bu gün Bakı şəhərində keçirirlər.

Qanunvericiliyə müvafiq olaraq test imtahanında mümkün olan baldan ən azı 80 faizini toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir. Nəticələr test imtahanı başa çatdıqdan sonra bir neçə saat ərzində Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının rəsmi internet saytında (www.csc.gov.az və ya www.dqmk.gov.az) və Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi internet saytında (www.tqdk.gov.az) yerləşdiriləcəkdir.

Xəbər lenti

Xəbər lenti