Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan məhkəmələrində yeni informasiya texnologiyaları tətbiq olunacaq. Bu qaydaların və Ədliyyə Nazirliyi tərəfindən istintaq olunan cinayət işlərinin alternativ elektron versiyasının yaradılması və tətbiqi təcrübəsi ilə tanışlıq məqsədilə Məhkəmə-Hüquq Şurasında hakimlərə və dövlət ittihamçılarına kurs keçirilib.
Məhkəmə-Hüquq Şurasından bazar ertəsi Trend -a bildirilib ki, bu yeniliyin tətbiqi nəticəsində məhkəmə prosesinin tərəflərinə istənilən vaxt kompyuterdə iş materialları ilə sərbəst tanışlıq üçün şərait yaradılır, cinayət işinin etibarlı qorunması təmin edilməklə istintaq və məhkəmə sənədlərinin saxtalaşdırılmasının qarşısı alınır.
Həmçinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasında nəzərdə tutulan təqsirləndirilən şəxsin müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta malik olmaq hüququ daha geniş təmin olunur, müdafiə imkanlarının səmərəsi artır.
Tədris kursu ölkə başçısının "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın icrası üzrə görülən tədbirlər çərçivəsində keçirilib.
Dövlət Proqramında ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, kadr potensialının, ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görülməsi nəzərdə tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]