Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir C.Babayeva /
Heydər Əliyev Fondu, İsrailin Azərbaycandakı səfirliyi və İsrailin "Siondan göz" ("Eye from Zion") qeyri-hökumət təşkilatının birgə səyi ilə İsrailin audiologiya üzrə mütəxəssislərinin Azərbaycana səfəri təşkil olunub. Səfər zamanı eşitmə qabilliyyəti zəif olan insanlar müayinə ediləcəklər.
İsrail mütəxəssislərinin səfəri avqustun 16-23-də keçiriləcək. Səfər çərçivəsində həkimlər Bakıda və regionlarda pasientlərə xidmət göstərirlər və onlara 250 min dollar dəyərində müasir eşitmə aparatları paylayırlar. Bu barədə Trend -a Fonddan məlumat verilib.
İsrail mütəxəssisləri, həmçinin yerli ekspertlərə peşəkar sessiyalar təqdim edir, onları bu sahədə yeni texnologiyalarla tanış edirlər.
Bu günlərdə İsrailin Maqen David Adom təşkilatının ekspertləri Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin paramedikləri üçün treninqlər keçirəcəklər.
Prezidenti ölkənin birinci xanımı Mehriban Əliyeva olan Heydər Əliyev Fondu 10 may 2004-cü ildə yaradılıb. Fondun məqsədi ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya sahələrində layihələrin həyata keçirilməsi, dini tolerantlığın bərpasına yardım, vətəndaş cəmiyyətinin qurulması, inteqrasiya prosesində və qloballaşmada milli-mənəvi dəyərlərin qorunub saxlanılmasıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]