...

Azərbaycanda valyutadəyişmə məntəqələrinə silahlı basqınlarda ittiham olunan keçmiş polislərin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb

Cəmiyyət Materials 3 Fevral 2010 11:46 (UTC +04:00)
Azərbaycanda valyutadəyişmə məntəqələrinə və digər obyektlərə silahlı basqınlarda ittiham olunan keçmiş polis əməkdaşlarının apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Azərbaycanda valyutadəyişmə məntəqələrinə silahlı basqınlarda ittiham olunan keçmiş polislərin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb

Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir H.Bağırov/

Azərbaycanda valyutadəyişmə məntəqələrinə və digər obyektlərə silahlı basqınlarda ittiham olunan keçmiş polis əməkdaşlarının apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Trend -un məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ), Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşı Mehdi Əmirəliyev, DİN Şuşa şəhər şöbəsində və BMCMİ-də əməliyyat müvəkkili işləmiş İrac Nəsrullayev və polis əməkdaşları Ceyhun Qarayev, Rauf Rzayev, Seyran Bağırov və İsmayıl Feyziyevin apelyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı keçirilib.

Məhkəmə baxışı fevralın 10-na təyin edilib.

Təqsirləndirilən şəxslər dəstə yaradaraq, 1998-2008-ci illərdə valyutadəyişmə məntəqələrinə basqınlar edərək, külli miqdarda maddi vəsait ələ keçirmək üçün cinayətlər törədiblər. Dəstə Bakının müxtəlif rayonlarında 20-dən artıq belə cinayət törədib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Mehdi Əmirəliyev və İrac Nəsrullayevin hər birinə 15 il, İsmayıl Feyziyevlə Ceyhun Qarayevin hərəsinə 12, Rauf Rzayevə 4 və Seyran Bağırova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Dəstə üzvləri 2008-ci il sentyabrın 30-da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 180-ci (soyğunçuluq), 217-ci (banditizm), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti