Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycanın paytaxtı Bakıda aprelin 6-sı beynəlxalq təhsil sərgisi keçiriləcək. Bu barədə Gənclər və İdman Nazirliyinin məlumatında deyilir.
"Landmark" otelinin Rotunda zalında keçirilən "2010-cu il - Beynəlxalq Təhsil Sərgisi"ində Böyük Britaniya, ABŞ, İsveçrə və Türkiyənin nüfuzlu ali məktəbləri təmsil olunacaq. Sərgidə universitetlər barədə ümumi məlumat, bu ali məktəblərə daxil olmaq üçün ərizədoldurma qaydaları, müraciət müddəti və forması, onların bakalavr və magistratura proqramları, həmçinin, xarici dil kursları haqqında məlumat veriləcək.
Tələbələrin universitetlərlə daha yaxından tanış olması üçün bu universitetlərin videotəqdimatı təşkil ediləcək.
Sərgi saat 11:00-dan 17:00-a kimi davam edəcək.