...

Bakıdakı "Fatimeyi-Zəhra" məscidi ilə bağlı problem həll olunub - Qafqaz Müsəlmanları İdarəsinin sədri

Cəmiyyət Materials 17 May 2010 16:01 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri "Fatimeyi-Zəhra" məscidi ilə bağlı problemin həll olunduğunu deyib.
Bakıdakı "Fatimeyi-Zəhra" məscidi ilə bağlı problem həll olunub - Qafqaz Müsəlmanları İdarəsinin sədri

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir K.Zərbalıyeva/

Qafqaz Müsəlmanları İdarəsinin sədri "Fatimeyi-Zəhra" məscidi ilə bağlı problemin həll olunduğunu deyib.

"Fatimeyi-Zəhra" məscidi ilə bağlı problem yaranmışdı. Mən şeyx kimi deyirəm, bu məsciddi, o biri deyir, yarımçıq tikilidir. O, ateist mövqedən çıxış edir və dediyində doğrudur. Şəriət baxımından isə məsciddir", - Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bazar ertəsi BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşündə deyib.

Azərbaycan Prezidenti tikintisi dayandırılmış və sökülməsinə məhkəmə tərəfindən qərar verilmiş "Fatimeyi-Zəhra" məscidinin tikilisinin Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verilməsi barədə göstəriş verib.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə "Fatimeyi-Zəhra" məscidi ilə bağlı Prezidentə müraciət etmişdi.

Yeni Günəşli qəsəbəsi, V massivi, 33 ünvanında yerləşən "Fatimeyi-Zəhra" məscidinin sökülməsi ilə bağlı 2 saylı Yerli İqtisad Məhkəməsi Suraxanı rayon İcra Hakimiyyətinin iddiası əsasında qərar çıxarıb.

Paşazadə deyib ki, Qafqaz Müsəlmanları İdarəsi dövlət-din münasibətlərinin saxlanmasında əlindən gələni edir.

"Bəzən idarəni ittiham edirlər ki, biz hansısa məsələlərlə bağlı öz sözümüzü demirik. Bəzən süni yaradılan bu məsələlərdən düşmənlərimiz, xarici qüvvələr bizə qarşı istifadə edirlər. Bu gün Türkmənistan, Özbəkistan, Qırğızıstan haqqında danışmırlar. Qırğızıstandakı son hadisələr zamanı 75 din adamını tutdular. Niyə Azərbaycandan danışırlar? Demək, məqsədləri var. Məqsədlərinə çatmaq istəyirlər. Amma çata bilməyəcəklər", - bütün Qafqazın şeyxi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti