Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir S.Ağayeva/
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Gürcüstan Respublikasının birinci xanımı Sandra Elisabet Rulofsun birgə təşəbbüsü ilə mədəni proqram çərçivəsində hər iki ölkənin valideyn himayəsindən məhrum yeniyetmələrinin qarşılıqlı səfərləri həyata keçiriləcək.
Heydər Əliyev Fondundan bazar ertəsi Trend-ə bildiriblər ki, Gürcüstanın 20 nəfərlik nümayəndə heyəti sentyabrın 1-də Bakıda qarşılanacaq. Dost ölkənin qonaqları əvvəlcə Şəhidlər xiyabanını və Fəxri xiyabanı ziyarət edəcək, Heydər Əliyev Fondundakı görüşdən sonra proqrama daxil olan tarixi-mədəni və görməli yerlərlə tanış olacaqlar.
Gürcüstanlı yeniyetmələr İçərişəhər, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Qobustan kimi tarixi yerlərə, eləcə də Müasir İncəsənət Muzeyinə ekskursiyalar edəcək, 1 saylı Uşaq evinin yay düşərgəsində həmyaşıdları ilə tanış olacaqlar.
10 günlük proqram çərçivəsində nümayəndə heyəti Qəbələ, Şəki və İsmayıllıya səfər edəcək. Həmin günlər ərzində qonaqlar Azərbaycan təbiəti və region həyatı ilə daha yaxından tanış olacaq, tarixi yerlərə səyahət edəcəklər. Aktiv istirahət məqsədilə yeniyetmələr arasında idman yarışlarının təşkili və asudə vaxtın daha maraqlı keçirilməsi nəzərdə tutulur.
Ölkələrarası razılaşmaya əsasən, Azərbaycan yeniyetmələrindən ibarət nümayəndə heyətinin Gürcüstana səfəri noyabr ayında həyata keçiriləcək.