...

Azərbaycanda yeni - ekstremal dağ turizmi marşrutu aşkar edilib (FOTO)

Cəmiyyət Materials 6 Sentyabr 2010 11:06 (UTC +04:00)
Azərbaycanda yeni - ekstremal dağ turizmi marşrutu aşkar edilib
Azərbaycanda yeni - ekstremal dağ turizmi marşrutu aşkar edilib (FOTO)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda yeni - ekstremal dağ turizmi marşrutu aşkar edilib. Trend-in verdiyi məlumata görə, sentyabrın 3-dən 5-nə qədər Mədəniyyət və Turizm Nazirliyi və "Club 4x4" "off-roader" klubunun təşkilatçılığı ilə ilk dəfə olaraq, "Azərbaycanın yeni turist marşrutlarını kəşf edək" layihəsi həyata keçirilib.

Layihə çərçivəsində 12 avtomobil, 40-a yaxın dövlət və özəl sektorun əməkdaşı, eləcə də media nümayəndələrinin iştirakı ilə Azərbaycanın Quba rayonundan dağ yolları ilə Şamaxı rayonuna doğru avtomobil yürüşü həyata keçirilib. Yürüş zamanı Böyük Qafqaz sıra dağlarının ən yüksək zirvələrindən, keçilməz dağ yollarından və çaylardan şütüyən yürüş təyinat məntəqəsinə çatıb. Yolboyu yürüş iştirakçıları qədim Şabran şəhərinin qalıqlarına ekskursiya ediblər. Quba rayonu ərazisində XX əsrin əvvəllərində ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım qurbanlarının basdırıldığı kütləvi məzarlıq və Şamaxı rayonu ərazisində qayalıqlar üzərində inşa edilən "Diri Baba" türbəsi də layihə çərçivəsində iştirakçıların ziyarət yeri olub. Üç gün davam edən yürüşdə layihə iştirakçıları Qubadan Şamaxıya qədər 186 kilometr məsafə qət edib, 2 000 metr hündürlükdə Azərbaycan təbiətinin gözəllikləri ilə tanış olublar.

Mədəniyyət və Turizm Nazirliyi daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov Trend-ə açıqlamasında bildirib ki, layihə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilib. Qəhrəmanovun sözlərinə görə, layihənin məqsədlərindən biri də ölkəmizin mövcud turizm potensialından səmərəli istifadə etmək üçün bütün imkanları öyrənmək, yeni turist marşrutları yaratmaq, onu tanıtmaq və təşviq etməkdir.

"Bu layihədə 10 turizm şirkəti iştirak edir. Biz istədik onlara göstərək ki, istənilən bir formatda turizm marşrutu yaratmaq mümkündür. Onu təşviq etmək mümkündür. Hər bir turist məhsulunun özünün alıcısı, müştərisi var. Onu təşviq etmək, tanıtmaq lazımdır ki, hər kəs ondan istifadə edə bilsin", - Qəhrəmanov əlavə edib.

"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 6 aprel 2010-cu il tarixində təsdiq olunub. Turizm sektorunun dayanıqlı inkişafını təmin etmək və turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə nail olmaq məqsədilə imzalanan sərəncamda, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilib.

Nazirlik əməkdaşı qeyd edib ki, layihə, həm də 27 sentyabr - Ümumdünya turizm gününün təntənəli şəkildə qeyd olunmasına həsr edilən bir layihədir. Bu turizm marşrutunun tanıdılması ilə bağlı informasiya təqdimatı da keçiriləcək: "Biz bu istiqamətdə fəaliyyətimizi dayandırmaq yox, daha da gücləndirmək istəyirik. Bu layihə çərçivəsində digər müxtəlif yeni ideyalar - ekoloji turizm, bedvoçinq, təbiət, tarixi mədəniyyət abidələri və rəvayətlərlə bağlı təkliflər ortaya çıxdı. Burada maraqlı turizm şirkətləri də aktiv iştirak etməlidir. Onlar da öz təkliflərini verməlidir. Maraqlı tərəflərlə birgə bu layihələrə baxılmalı və nə dərəcədə perspektivli olması, mədəni dəyərlərimizin təbliği  imkanına malik olması öyrənilib həyata keçirilməlidir", - Qəhrəmanlı deyib.

Nazirlik əməkdaşı onu da bildirib ki, qeyd olunan marşrut nazirliyin növbəti kollegiya iclaslarında rəsmi şəkildə təsdiq edilərək, turizm şirkətlərinə təqdim olunacaq.

"Biz bu turizm marşrutlarının pasportunu hazırlamışıq. Bu pasport metrologiya, patent və standartlaşdırma idarəsi tərəfindən müəyyən edilib. Həmin standarta uyğun olaraq, bu marşrut pasportlaşdırılacaq. Hazırlanmada iştirak edən turzm şirkətləri mütəxəssisləri bütün məqamları təfsilatı ilə qeyd ediblər. Nə dərəcədə riskli olduğu, harada, hansı mədəniyyət abidəsinin yerləşdiyi və marşrut üzrə hərəkət etmək üçün hansı əlavə vasitələrə ehtiyac duyulduğu qeyd edilib. Bütün bunlar nəzərə alınacaq", - Qəhrəmanlı qeyd edib.

Yürüş zamanı Azərbaycan təbiətinin gözəllikləri ilə yanaşı, həmin bölgələrdə yerləşən turizm obyektləri də diqqəti cəlb edib. Müasir standartlara cavab verən otellər, restoranlar və digər obyektlər layihə iştirakçılarında xoş təəssüratlar yaradıb.

Layihənin informasiya dəstəyi Trend Beynəlxalq İnformasiya Agentliyinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti