...

Azərbaycanda vəkilliyə qəbul üçün 320 nəfər sənəd verib

Cəmiyyət Materials 13 Oktyabr 2010 14:01 (UTC +04:00)
Sənəd qəbulu dekabrın 15-dək davam edəcək.
Azərbaycanda vəkilliyə qəbul üçün 320 nəfər sənəd verib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycanda vəkilliyə qəbul üçün keçiriləcək müsabiqədə iştirak etmək istəyən 320 nəfər sənəd verib.

Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov çərşənbə günü Trend-ə bildirib ki, iyulun 15-dən indiyədək 320 hüquqşünasın ərizə və sənədləri qəbul edilib.

Sənəd qəbulu dekabrın 15-dək davam edəcək.

Nəcəfov bildirib ki, vəkilliyə qəbulla bağlı əvvəllər keçirilmiş imtahanlarda iştirak etmiş, lakin imtahanlarda uğur qazanmayan 69 nəfər də müsabiqədə iştirak etmək üçün sənəd verib.

Sədr müavininin sözlərinə görə, onların imtahanlara buraxılmaları üçün İxtisas Komissiyası rəy verməlidir. Nəcəfov bildirib ki, İxtisas Komissiyasının tərkibi təsdiq olunandan sonra, 69 nəfərin məsələsinə baxılacaq.

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 13-cü maddəsinə görə, əvvəlki imtahanlarda iştirak etmiş şəxslər 1 il keçəndən sonra və İxtisas Komissiyasının rəyi əsasında vəkilliyə qəbulda iştirak edə bilərlər.

Vəkilliyə qəbul imtahanlarının gələn ilin əvvəllərində keçirilməsi nəzərdə tutulub.

Azərbaycan, vəkillərin sayına görə, Avropa ölkələri sırasında sonuncu yerlərdə durur. Məlumata görə, Azərbaycanda əhalinin hər yüz min nəfərinə 5 vəkil düşür.

Hazırda Azərbaycanda 800-ə yaxın vəkil var.

Xəbər lenti

Xəbər lenti