Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan üzgüçüləri Hacızadə Fərid, Çerkasov Dmitri və Kirilov Baris dünya çempionatında iştirak edəcəklər. Bu barədə məlumatı çərşənbə axşamı Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidməti yayıb.
Dünya çempionatı 13-19 dekabr 2010-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək. Yarışlar 25 metrlik hovuzda təşkil olunacaq.
BƏƏ İdman Şurası və Üzgüçülük Assosiasiyası tərəfindən təşkil olunan çempionatın açılış mərasimi dekabrın 15-də keçiriləcək. Üzgüçülük üzrə dünya çempionatında 140 ölkədən 1000-ə yaxın idmançı və nümayəndə heyətinin üzvü iştirak edəcək.
Bundan qabaqkı dünya çempionatı 2008-ci ildə Böyük Britaniyanın Mançester şəhərində keçirilmişdi.