Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Bələdiyyələrlə bağlı "bir pəncərə" sisteminin tətbiqi gələcəkdə mümkün ola bilər. Bunu Trend-ə açıqlamasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə deyib.
Bu sistemin tətbiqini indiki zamanda real hesab etməyən Səlimzadə bildirib ki, ilk olaraq bələdiyyənin işinin təşkili müasir formaya salınmalıdır. Təkmil qanunvericilik bazası əsasında bələdiyyələrin müvafiq arayış və digər təsdiqedici aktlar, sənədlər vermək hüququ və idarələri yaranarsa, onda bu sistemə keçmək mümkün olar.
"Bir daha qeyd edim ki, bələdiyyələrdə vahid pəncərə sistemi o halda tətbiq oluna bilər ki, bələdiyyə ona məxsus mülkiyyətin idarə olunması haqqında və digər məsələlərlə bağlı vətəndaşa dövlət aktı qüvvəsində ola biləcək sənəd versin", - Səlimzadə deyib.
"Həmin sənədi bələdiyyə verirsə, bu halda "bir pəncərə" sistemi tətbiq oluna bilər. Vətəndaş bələdiyyəyə müraciət edər, müvafiq sənədləri təqdim edər və müəyyən müddətdən sonra heç bir bürokratik maneələrə rast gəlmədən bələdiyyədən müvafiq sənədi alar", - o, əlavə edib.