...

Ötən il Bakıda təhlükə mənbəyi olan 1000-ə yaxın ağacın kəsilməsi barədə rəy verilib - Ekologiya Nazirliyi

Cəmiyyət Materials 29 Yanvar 2011 13:59 (UTC +04:00)
Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhərində təhlükə mənbəyi olan 1000-ə yaxın ağacın kəsilməsi barədə rəy verib. Bu barədə Trend-əEkologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Ötən il Bakıda təhlükə mənbəyi olan 1000-ə yaxın ağacın kəsilməsi barədə rəy verilib - Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhərində təhlükə mənbəyi olan 1000-ə yaxın ağacın kəsilməsi barədə rəy verib. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Bir neçə gün öncə Bakının Nizami rayonu ərazisində Bəhruz Nuriyev küçəsi, 14-də ağacın kökündən qopması nəticəsində bir nəfər ölüb.

Bu hadisədən sonra Bakıda təhlükə mənbəyi olan ağacların təhlükəsiz vəziyyətə gətirilməsi məsələsi aktuallaşıb.

İbrahimova deyib ki, ötən il hadisə baş verən küçədə yaşayan sakinlərin nazirliyə müraciəti əsasında təhlükə mənbəyi olan 14 ağacın kəsilməsi barədə qurumun Ekspertizası İdarəsi tərəfindən rəy verilib.

2011-ci il ərzində nazirliyin "qaynar xətt"inə ağac təhlükəsi ilə bağlı 25 müraciət daxil olub. Həmin müraciətlərin 17-nə baxılıb, 8-i isə icradadır.

Nazirlik rəsmisinin sözlərinə görə, Ekspertiza İdarəsinə isə ağac təhlükəsi ilə əlaqədar 33 şikayət daxil olub ki, onlardan 25-nə baxılıb, 8-i-icradadır.

Xidmət rəhbəri bildirib ki, Bakı şəhərində olan bütün yaşıllıqlar Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin balansındadır.

"Bu Təsərrüfat Birliyi tərəfindən ağacların sükunət dövründə yaşıllıqlara baxış keçirilməli və inkişafı zəif, təhlükəli vəziyyətdə olan ağaclar barədə məlumat verilməlidir. Nazirliyə yalnız hüquqi və fiziki şəxslər tərəfindən edilən müraciətlər əsasında əraziyə baxış keçirilir və ağacın təhlükəli vəziyyətdə olduğu təsdiqlənərsə, onun kəsilməsi barədə rəy verilir", - İbrahimova deyib.

Xidmət rəhbəri bildirib ki, Bakıda təhlükəli vəziyyətdə olan ağaclar əsasən qovaq ağaclarıdır. Onların küləyə davamlılığı az olduğundan bu ağacların pis hava şəraitində aşması riski böyükdür.

İbrahimova bildirib ki, təhlükəli vəziyyətdə olan ağacların kəsilməsinə onun yerində bir neçə ədəd həmşəyaşıl cinsdən olan ağacın əkilməsi şərti ilə icazə verilir.

O, qeyd edib ki, nazirliyin Bakıdakı yaşıllaşdırma təsərrüfatlarında təhlükəli vəziyyətdə olan ağacların kəsilməsi barədə hansısa quruma göstəriş vermək səlahiyyəti yoxdur.

İbrahimova bildirib ki, 5 halda (seyrəltmə, işıqlandırma, təmizləmə, sanitar və keçid) ağacların kəsilməsinə icazə verilir.

Təhlükəli vəziyyətdə olan ağacların kəsilməsi sanitar kəsilməyə aiddir.

Xəbər lenti

Xəbər lenti