...

Azərbaycan Ali Məhkəməsinin sədri xorvatiyalı həmkarını qəbul edib

Cəmiyyət Materials 28 Fevral 2011 17:21 (UTC +04:00)
Ali Məhkəmənin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Xorvatiya Ali Məhkəməsinin sədri Branko Xrvatinin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 28-də Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayevin dəvəti ilə Azərbaycana işgüzar səfərə gəlib.
Azərbaycan Ali Məhkəməsinin sədri xorvatiyalı həmkarını qəbul edib

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Xorvatiya Ali Məhkəməsinin sədri Azərbaycana səfər edib.

Ali Məhkəmənin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Xorvatiya Ali Məhkəməsinin sədri Branko Xrvatinin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 28-də Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayevin dəvəti ilə Azərbaycana işgüzar səfərə gəlib.

Xorvatiya Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri əvvəlcə Fəxri xiyabana gələrək ümummillli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Ali Məhkəmədə Xorvatiya Ali Məhkəməsinin sədri Branko Xrvatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev bu görüşün qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi üçün böyük imkanlar açdığını deyib.

Ali Məhkəmənin sədri Azərbaycanla Xorvatiyanın məhkəmə-hüquq sistemləri arasında əlaqələrin uğurla inkişaf edərək nəinki ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində genişlənəcəyini vurğulayıb.

Ramiz Rzayev respublikamızda həyata keçirilən məhkəmə-hüquq tədbirlərinin səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin yeni strukturunda və fəaliyyətində öz əksini tapması barədə qonaqlara məlumat verib.

Ali Məhkəmənin sədri qeyd edib ki, hazırda Ali Məhkəmədə beynəlxalq hüquqi aktlar, xüsusən də "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ öyrənilir. Məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılıb.

Rzayev Xorvatiya Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin məhkəmə orqanları arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.

Xrvati Xorvatiyada Ali Məhkəmənin fəaliyyət dairəsi barədə danışıb, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirib.

Görüşdə hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar və məhkəmə-hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Xrvatinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

Xəbər lenti

Xəbər lenti