Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, bu sahədə ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə birgə təkliflərin hazırlanması və müzakirəsi məqsədilə ekologiya və təbii sərvətlər naziri yanında yaradılmış İctimai Ekoloji Şuranın iclası keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, iclasda 4 məsələ müzakirəyə çıxarılıb.
İclasda Mingəçevir - Mingəçevir stansiyası (dəmiryolu) - Bəhramtəpə yolu üzrə Texniki-İqtisadi Əsaslandırma layihə sənədinin təkliflər qəbul edilməklə razılaşdırılması məqsədəuyğun hesab edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmış AzDTN 2.7-2 "Yaşayış binaları" normativ sənədinin təkliflər ümumiləşdirilərək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunması qərara alınıb.
İctimaiyyəti cəlb etməklə ölkə ərazisində ekoloji riskli zonalar (daşqın, sürüşmə və s.) üzrə monitorinqlərin keçirilməsi və ictimaiyyətin məlumatlandırılması məsələsinin müzakirəsi zamanı monitorinq qruplarının tərkibinə sahələr üzrə ekspertlərin, ərazi üzrə bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin də daxil edilməsi tövsiyə olunub.
İclasda, həmçinin "Yaşıllıqların mühafizəsi haqqında" qanun layihəsinə yenidən baxılması qərara alınıb.