Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir E.İsmayılov/
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinin Almaniya ilə görüşündən razı qaldığını bildirib.
"Almaniya ilə oyundan narazı deyiləm, biz bu oyunda mübarizə apara bildik", - Trend-in məlumatına görə, bu barədə Abdullayev jurnalistlərə deyib.
AFFA prezidenti qeyd edib ki, mübarizə aparmadan uduzmaq və mübarizə ilə uduzmaq fərqli şeylərdir.
"Mən Berti Foqtsun işindən razıyam, AFFA da onun işindən razıdır. Onun gördüyü işlər göz qabağındadır. Əgər əvvəl millimiz bir hissə oynamaqda çətinlik çəkirdisə, indi 90 dəqiqə ərzində Almaniya komandası ilə mübarizə aparması böyük nailiyyətdir", - Abdullayev Azərbaycan yığmasının baş məşqçisinin istefası ilə bağlı suala cavabında deyib.
O bildirib ki, hər şey birdən-birə qurula bilməz, mərhələ-mərhələ hər şey öz yerini tapacaq.