...

Xəzərdə nərəkimilərin ovuna 5-10 il moratorium qoyula bilər

Cəmiyyət Materials 17 İyun 2011 15:51 (UTC +04:00)
Xəzərdə nərəkimilərin sənaye ovuna moratoriumun qoyulması ilə əlaqədar 5 Xəzəryanı ölkənin - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın müvafiq qurumlarının növbəti görüşünün noyabrın III ongünlüyündə Bakıda keçiriləcəyi gözlənilir.
Xəzərdə nərəkimilərin ovuna 5-10 il moratorium qoyula bilər

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İ.İsabalayeva/

Xəzərdə nərəkimilərin sənaye ovuna moratoriumun qoyulması ilə əlaqədar 5 Xəzəryanı ölkənin - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın müvafiq qurumlarının növbəti görüşünün noyabrın III ongünlüyündə Bakıda keçiriləcəyi gözlənilir. Bunu cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin baş məsləhətçisi, Xəzərin Su Bioresursları Komissiyasının daimi üzvü Tariyel Məmmədli deyib.

Onun sözlərinə görə, nərəkimilərin sənaye ovuna qadağanın qoyulması ilə əlaqədar 2011-ci il üçün Xəzəryanı ölkələrə kvotanın ayrılacağı gözlənilmir.

"Moratoriumun nə qədər müddətə qoyulması konkret müəyyənləşməyib. Amma qadağa ən azı 5, ən çoxu 10 il müddətinə qoyulacaq", - Məmmədli deyib.

O əlavə edib ki, 2010-cu ildə Azərbaycan Xəzərdə balıq ovunu könüllü şəkildə yalnız elmi tədqiqat və balıq artırma məqsədilə aparıb, sənaye ovu isə olmayıb.

Məmmədli bildirib ki, noyabrda keçirilməsi nəzərdə tutulan görüşdə Xəzərin Su Bioresursları Komissiyasına sədrlik də İrandan Azərbaycana keçəcək. Azərbaycan komissiyaya iki il müddətinə sədrlik edəcək.

Xəzərin Su Bioresursları Komissiyası 5 Xəzəryanı ölkə arasında milli ov kvotalarının bölünməsini müəyyənləşdirir, eyni zamanda, CITES Konvensiyası Katibliyinə təsdiq üçün təqdim etmək məqsədilə nərəkimilərin ət və kürüsünün ixrac kvotaları miqdarını təyin edir.

2003-2004-cü illərdə Rusiya, 2005-2006-ci illərdə Qazaxıstan, 2007-2008-ci Türkmənistan, 2009-2010-cu illərdə isə İran komissiyaya sədrlik edib.

Xəbər lenti

Xəbər lenti