...

Qahirədə iğtişaş qurbanlarının sayı 24 nəfərə çatıb

Cəmiyyət Materials 10 Oktyabr 2011 11:06 (UTC +04:00)
Qahirədə yerli xristianlarla polis arasında baş verən qarşıdurma zamanı 24 nəfər həlak olub. Bu barədə Trend "Əl-Cəzirə" telekanalına istinadən məlumat verir.
Qahirədə iğtişaş qurbanlarının sayı 24 nəfərə çatıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Qahirədə yerli xristianlarla polis arasında baş verən qarşıdurma zamanı 24 nəfər həlak olub. Bu barədə Trend "Əl-Cəzirə" telekanalına istinadən məlumat verir.

Bazar günü Misirin Nil çayının sahilində yerləşən Televiziya və Radio Yayımı Birliyinin binasının yerləşdiyi rayona on minə yaxın yerli xristian toplaşıb. Onlar Asuan qubernatorunun istefasını tələb edərək Misirdə xristianların hüquqlarının müdafiə olunmasına çağırıblar. Son həftə ərzində Misirin bütün iri şəhərlərini əhatə edən yerli xristianların kütləvi etiraz aksiyalarına səbəb ölkənin cənubundakı Asuan rayonu yaxınlığındakı Əl-Mareynab kəndindəki dinlərarası münaqişə olub.

Bazar günü aksiyalarda iştirak edən yerli xristianlar qəflətən telemərkəzin təhlükəsizliyini təmin edən hərbiçilərə və polislərə daş və içərisində yandırıcı maddə olan şüşə qablar atmağa başlayıblar. Daha sonra atəş səsləri eşidilib. Şahidlərin dediklərinə görə, nümayişçilər hərbiçilərin odlu silahlarını ələ keçiriblər. Toqquşmalar yerli vaxtla gündüz saat 5-də başlayıb. Daha sonra etirazçılar paytaxtın baş meydanı olan Təhrirə toplaşıblar.

Misir hakimiyyəti xristianları səbir nümayiş etdirməyə və qarşıdurmaları dayandırmağa çağırıb.

Misirin yerli xristianları Yaxın Şərqdəki ən iri xristian icmalarından biridir. Müxtəlif məlumatlara görə, onlar Misirin 80 milyonluq əhalisinin 10 faizinə yaxınını təşkil edirlər.

Xəbər lenti

Xəbər lenti