...

Füzuli rayonunda açıq ürək əməliyyatlarına start verilib

Cəmiyyət Materials 11 Oktyabr 2011 18:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Mərkəzi Neftçilər Xəstəxanasının yüksəkixtisaslı həkimlərdən ibarət kardiocərrahiyyə briqadası bu dəfə Füzuli rayonuna ezam olunub.

Trend-in məlumatına görə, Azərbaycanın dövlət müstəqilliyi günü ərəfəsində Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-nin dəstəyi ilə keçirilən humanitar aksiya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasının yüksəkixtisaslı həkimlərdən ibarət kardiocərrahiyyə briqadası oktyabrın 10-dan cəbhə bölgəsi olan Füzuli rayonunda açıq ürək əməliyyatlarına start verib. Bu əməliyyatlar ölkə Prezidentinin birbaşa göstərişinə əsasən, ARDNŞ-nin maliyyə vəsaiti hesabına Füzuli rayonunun Böyük Bəhmənli kəndində inşa olunan və ən müasir tibbi avadanlıq və cihazlarla təmin edilən Füzuli Tibb Mərkəzində həyata keçirilir.

Mərkəzi Neftçilər Xəstəxanası Ürək və Damar Xəstəlikləri Mərkəzinin müdiri, tibb elmləri namizədi Rəşad Mahmudovun bildirdiyinə görə, 6 gün ərzində davam edəcək aksiya zamanı ümumilikdə 12 nəfərin əməliyyat olunması nəzərdə tutulub. Pasiyentlərin hamısı erməni işğalı nəticəsində doğma yurd-yuvasından didərgin düşən soydaşlarımızdır. Onların 5-də aorta-koronar şuntlama, 6-da anadangəlmə ürək qüsurunun aradan qaldırılması, 1-də isə mitral qapaq əməliyatının keçirilməsi planlaşdırılıb.

Humanitar aksiya çərçivəsində oktyabrın 14-də Füzuli Tibb Mərkəzində bu səhiyyə ocağında çalışan, eyni zamanda, ətraf rayonlarda işləyən həkimlərin iştirakı ilə "Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi" adlı elmi-praktik konfrans keçiriləcək. Konfransın gedişində əməliyyatxanadan konfrans iştirakçıları üçün aorta-koronar şuntlama əməliyyatının canlı tədrisi nümayiş etdiriləcək.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq. Aksiya çərçivəsində, həmçinin, Füzuli Tibb Mərkəzinin poliklinika şöbəsində "Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası" İctimai Birliyinin "Azərbaycanda Ürək və Damar Xəstəliklərinin Risk Amillərinin Epidemiolojik Tədqiqatı" proqramı daxilində Füzuli rayonunda məskunlaşan məcburi köçkün və yerli rayon əhalisindən 250 nəfər müayinə olunacaq, onlarda gizli keçən ürək xəstəlikləri və onların risk amilləri araşdırılacaq. Bununla yanaşı, ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və müalicələri təşkil olunacaq.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində belə bir möhtəşəm humanitar aksiya və elmi-praktik konfransın torpaqlarımızın 20 faizini zəbt etmiş erməni işğalçıları ilə təmas xəttində olan bir bölgədə keçirilməsi Azərbaycan dövlətinin nə qədər güclü olduğunu və səhiyyəmizin hansı yüksəlişə çatdığını bütün dünyaya bir daha nümayiş etdirir.

Xəbər lenti

Xəbər lenti