...

Bakıda Uşaqların II Forumu keçirilir

Cəmiyyət Materials 16 Noyabr 2011 11:38 (UTC +04:00)
Bakıda çərşənbə günü Azərbaycanda Uşaqların II Forumu keçirilir.
Bakıda Uşaqların II Forumu keçirilir

Azərbaycan, Bakı, 16 noyabr / Trend müxbir M.Əliyev/

Bakıda çərşənbə günü Azərbaycanda Uşaqların II Forumu keçirilir.

Trend-in məlumatına görə, Forum Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanladığı təbrik məktubunun oxunması ilə başlayıb. Təbrik məktubunu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova oxuyub.

Sonra çıxış edən Baş nazirin müavini Elçin Əfəndiyev bildirib ki, uşaq problemlərinin həlli Azərbaycanda həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir.

"Bu gün ölkədə uşaq problemlərinin həllinə yönəlmiş 30-dan artıq dövlət proqamı həyata keçirilir. Bu proqramların arxasında uşaqların rifahı üçün ayrılan külli miqdarda maliyyə vəsaiti, dövlət qurumlarının böyük zəhməti durur", - o qeyd edib.

Əfəndiyev Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara xüsusi diqqət ayırdığını qeyd edib.

"Uşaq problemlərinin qaldırılması və həlli həmçinin gələcək problemlərimizin həlli deməkdir", - Əfəndiyev deyib.

Forumda çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, ölkədə əsas məqsəd bugünkü nəsildən estafeti qəbul edəcək ləyaqətli nəslin yetişdirilməsidir.

"Bu gün yaşlı nəsil Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğuna əmin ola bilər. Çünki bu nəsil müstəqil Azərbaycan Respublikasının uşaqlarıdır", - o deyib. Muradova qeyd edib ki, Azərbaycanda uşaq qanunvericiliyi çox mükəmməl səviyyədədir. Onun sözlərinə görə, Azərbaycan Parlamenti tərəfindən uşaq hüquqlarının qorunması, yuvenal ədliyyənin həyata keçirilməsi üçün lazımi qanunverici baza hazırlanıb.

Vitse-spiker təəssüflə bildirib ki, bu gün erməni təcavüzü nəticəsində həlak olan Şahmalıyeva Aygün, Bədəlov Fariz kimi uşaqlar bu Forumda iştirak edə bilmirlər. Muradova Dağlıq Qarabağ probleminin həlli ilə bu kimi halların olmayacağına əminliyini ifadə edib.

Azərbaycanda Uşaqların I Forumu 2009-cu il dekabrın 17-də keçirilib.

Xəbər lenti

Xəbər lenti