...

Azərbaycan Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birgə yeni layihənin icrasına başlayır

Cəmiyyət Materials 10 Yanvar 2012 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Azərbaycanla birgə yeni layihəni həyata keçirməyə başlayacaq. Bunu çərşənbə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.

Onun sözlərinə görə, "Radiasiya texnoloji proseslər üçün laboratoriyanın formalaşdırılması" adlanan layihə 2012-2013-cü illəri əhatə edir. Layihə çərçivəsində Azərbaycanda radiasiya prosesləri üçün dozemetrik və mikrobioloji laboratoriya yaradılacaq.

"Laboratoriyada, əsasən, şüalanan obyektlərin nə qədər dozada şüa udduqları hesablanacaq. Eyni zamanda, şüalanan obyektlərdə hansı bioloji dəyişiklərin getdiyi, orada mikrobioloji mikrobların öldürülüb-öldürülməməsi, hansı dozanın öldürücü, hansı dozanın stimullaşdırıcı əhatəsinin olması təyin ediləcək", - Qəribov qeyd edib.

O bildirib ki, laboratoriyanın binası 2013-cü ilin birinci yarısında hazır olacaq. 2013-cü ilin ikinci yarısında laboratoriyanın avadanlıqları gətiriləcək. Laboratoriyanın 2014-cü ildə istifadəyə veriləcəyi gözlənilir.

İnstitut direktorunun sözlərinə görə, Azərbaycan tərəfinin təklifi ilə BAEA tərəfindən "Azərbaycanda tədqiqat nüvə reaktorunun tikintisinin əsaslandırılması" layihəsinin də vaxtı iki il müddətinə uzadılıb.

Qəribov qeyd edib ki, layihə çərçivəsində görülməsi nəzərdə tutulan işlər yekunlaşmadığı üçün onun 2012-2013-cü illərdə də də həyata keçirilməsi qərara alınıb. Həmin müddətdə yalnız kadr hazırlığı həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti