Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir K.Zərbalıyeva/
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin qaliblərini qəbul edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan daxili işlər naziri qalibləri təbrik edib.
Ölkə rəhbərliyinin gənclərə hər zaman böyük diqqət və qayğı göstərdiyini xatırladan nazir yüksək mənəvi və iş keyfiyyətlərinə malik bacarıqlı və istedadlı gənclərin ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları, onların dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilməsi üçün bütün zəruri addımların atıldığını, hazırkı tədbirin də bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
O bildirib ki, respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan 273 nəfər DİO-da xidmətə qəbul üçün müraciət edib, onlardan "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamə ilə müəyyən olunmuş tələblərə cavab verən 120 namizəd Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarına buraxılıb.
Qaydalara əsasən, test imtahanlarında 65 və daha çox bal toplamış 56, o cümlədən 45 ali hüquq, 11-i isə ali pedaqoji təhsilli namizəd bu çətin sınaqdan uğurla çıxıb.
Nazirliyin Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev daxili işlər orqanlarında xidmətə qəbulun yekun nəticələri barədə tədbir iştirakçılarına məlumat verərək vakant vəzifələrin və namizədlərin siyahısını elan edib.
Qeyd olunub ki, müsabiqəyə 50 vakant yer elan olunmasına baxmayaraq, daxili işlər naziri tərəfindən imtahanları müvəffəqiyyətlə vermiş 56 namizədin hamısının DİO-da xidmətə qəbul olunması barədə müvafiq göstəriş verilib.
Həmin göstərişin icrası olaraq, bütün iddiaçılar respublikamızın şəhər, rayon polis orqanlarında istintaq, təhqiqat və bayır xidmətlərindəki vakant vəzifələrə təyin edilib.
Salyan rayon polis şöbəsinin müstəntiqi vəzifəsinə təyin olunan polis leytenantı Rüstəm İsmayılov gənc zabitlər adından çıxış edərək müsabiqənin şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında həyata keçirildiyinə, gənclərə olan xüsusi diqqət və qayğıya görə möhtərəm Prezidentimizə minnətdarlığını bildirib və əmin edib ki, gələcək xidməti fəaliyyətlərində onlara göstərilən yüksək etimadı layiqincə doğruldacaqlar.
Tədbirə yekun vuran nazir Usubov "polis leytenantı" xüsusi rütbəsinin paqonlarını müsabiqənin qaliblərinə təqdim etməklə həyatlarında ən əlamətdar günlərdən biri - zabit vəzifələrinə təyin olunmaları və Novruz bayramı münasibətilə onları təbrik edib, çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, xidməti fəaliyyətdə polisin adını daim uca tutmağı, insan və vətəndaş hüquq və azadlıqlarını nümunəvi qorumağı, vətəndaşların qəbuluna və müraciətlərinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşmalarını tövsiyə edib.
Nazir əmin olduğunu bildirib ki, gənc zabitlər qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, ölkəmizdə sabitliyin nümunəvi təminində öz səylərini əsirgəməyəcək, onlara göstərilmiş etimadı əməli fəaliyyətlə doğruldacaqlar.
Daxili işlər naziri polis orqanlarında xidmətə qəbul olunan gənclərlə görüşüb
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin qaliblərini qəbul edib.