...

RAGT-nin regional şöbəsi Sankt-Peterburqda Novruz bayramına həsr olunmuş tədbir keçirib (FOTO)

Cəmiyyət Materials 26 Mart 2012 16:48 (UTC +04:00)
Martın 25-də Sankt-Peterburqda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) regional şöbəsi Baş Konsulluğun dəstəyi ilə Novruz bayramına həsr olunmuş tədbir keçirib.
RAGT-nin regional şöbəsi Sankt-Peterburqda Novruz bayramına həsr olunmuş tədbir keçirib (FOTO)

Azərbaycan, Bakı, 26 mart /Trend/

Martın 25-də Sankt-Peterburqda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) regional şöbəsi Baş Konsulluğun dəstəyi ilə Novruz bayramına həsr olunmuş tədbir keçirib.

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbirdə təqribən 400 nəfər - tələbələr, şagirdlər və Sankt-Peterburqda yaşayan azərbaycanlı gənclər iştirak ediblər.

Baş konsul Qüdsi Osmanov RAGT-nin sədri Leyla Əliyevanın adından Peterburq gənclərini təbrik edib və onun Rusiyadakı azərbaycanlı gənclərə xüsusi qayğısını qeyd edib. O bildirib ki, RAGT azərbaycanlı gənclərin Rusiya ictimaiyyətinə tam inteqrasiyası və birliyi üçün hər cür şərait yaradıb. Baş konsul həmçinin qeyd edib ki, "bizim gücümüz bizim birliyimizdədir və bu ideyanı bizə Azərbaycan xalqının ümummili lideri Heydər Əliyev vəsiyyət edib". O vurğulayıb ki, Sankt-Peterburqdakı vahid Azərbaycan diasporu bir neçə effektiv çalışan ictimai təşkilatları təmsil edir. Osmanov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev xaricdə yaşayan azərbaycanlılara xüsusi diqqət və qayğı göstərir.

Sankt-Peterburqda Azərbaycan diasporunun rəhbəri Heydər İmanov öz çıxışında qeyd edib ki, Azərbaycan icmasının və diasporunun ən aktiv hissəsi olan gənclər Sankt-Peterburqda RAGT-nin istənilən layihə və təşəbbüsünə kömək etməyə hazırdırlar.

Sankt-Peterburqda RAGT-nin regional şöbəsinin rəhbəri Özal Rəsulov qarşıda duran planlardan danışıb və hər kəsi təşkilatın həyata keçirdiyi layihələrdə iştirak etməyə çağırıb.

Həmçinin, tədbirdə RAGT-nin regional şöbəsinə Vladimir Putinin seçkiqabağı şəhər qərargahı adından Rusiyada prezident seçkilərində aktiv iştiraka və əməkdaşlığa görə təşəkkür məktubu təqdim olunub.

Tədbirdə "Xocalıya ədalət" kampaniyasına dəstəklə bağlı imzatoplama aksiyası davam etdirilib. Bu aksiya RAGT-nin himayəsi altında bütün Rusiya üzrə keçirilir. Aksiyaya 2012-ci ilin fevralında Sankt-Peterburqda start verilib.

Xəbər lenti

Xəbər lenti