...

Ağsu aşırımında bağlanmış obyektlər fəaliyyətini bərpa edib

Cəmiyyət Materials 30 Mart 2012 16:08 (UTC +04:00)
Ağsu aşırımında baş verən sürüşmə ilə əlaqədar fəaliyyəti müvəqqəti dayandırılmış obyektlər bu gün günortadan sonra fəaliyyətini bərpa edib.
Ağsu aşırımında bağlanmış obyektlər fəaliyyətini bərpa edib

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir K.Zərbalıyeva/

Ağsu aşırımında baş verən sürüşmə ilə əlaqədar fəaliyyəti müvəqqəti dayandırılmış obyektlər bu gün günortadan sonra fəaliyyətini bərpa edib.

Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri İqbal Mikayılov Trend-ə bildirib ki, sürüşmədən sonra həmin ərazidə yaranan təhlükə ilə əlaqədar 100-dək obyekt fəaliyyətini müvəqqəti dayandırmışdı.

Komissiya sədri deyib ki, həmin obyektlər meşə təsərrüfatı idarəsi ilə müqavilə əsasında fəaliyyət göstərən kafe və restoranlardır.

Bu gün əraziyə keçirilən baxışdan sonra Ağsu aşırımı minik avtomobillərinin hərəkəti üçün tam açılıb.

Qeyd edək ki, Şamaxının Muğanlı kəndindən başlayaraq Bakı-Şamaxı-Yevlax magistral yolunun 131-133-cü km-liyində (Muğanlı kəndi ərazisində) yol tamamilə çöküb. Həmin avtomobil yolunun Ağsu aşırımı ərazisində - 140, 141, 142, 146 km-lərində sürüşmələr olduqca aktivləşib, yollarda çatlar yaranıb, Muğanlı kəndinin girəcəyində sürüşmə yolu çökdürüb.

Bununla əlaqədar olaraq, İsmayıllı-Ağsu aşırımı yolunda martın 26-dan nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb, yol tamamilə bağlanıb.

Yolun bağlanması ilə əlaqədar olaraq Ağsunun 11 kəndi ilə əlaqəsi kəsilib və həmin kəndlərə gediş-gəliş İsmayıllı rayonu ərazisindən keçməklə mümkündür. Bu isə yolu 100 kilometr uzadıb.

Xəbər lenti

Xəbər lenti