Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda bu ilin 9 ayında 24 bələdiyyənin fəaliyyətindəki qanunsuzluqlarla bağlı Baş Prokurorluğa müraciət edilib.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə Trend-ə bildirib ki, bu ilin yanvar-sentyabr aylarında bələdiyyələrin fəaliyyəti ilə bağlı Mərkəz tərəfindən aşkarlanmış və vətəndaşlardan daxil olan şikayətlər əsasında 40-a yaxın araşdırma aparılıb və 24 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları müəyyən edilib.
Həmin bələdiyyələrdən 9-u barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi başlanıb, digərləri ilə bağlı araşdırmalar davam etdirilir.
Səlimzadə bildirib ki, Mərkəz hazırda bir neçə bələdiyyədəki qanunsuzluqlarla bağlı araşdırmalar aparır.
Onun sözlərinə görə, bələdiyyələrin fəaliyyətində qeydə alınan əsas nöqsanlar düzgün olmayan qərarların qəbulu, qərarların gizlədilməsi, bələdiyyə mülkiyyətindən, əmlakından istifadədə, maliyyə mənbələrinin toplanması və xərclənməsində yol verilən nöqsanlardır.
Cari ilin yanvar-sentyabr aylarında qanunsuz tutulan təxminən 3 min hektar ərazi bələdiyyələrinin mülkiyyətinə qaytarılıb.
Onun sözlərinə görə, bu müddət ərzində qanunsuz icarəyə verilmiş 2 min hektara (ha) yaxın, qanunsuz mülkiyyətə verilmiş 1500 ha, qanunsuz istifadəyə verilmiş 46 ha torpaq sahəsi bələdiyyələrə qaytarılıb.
Mərkəz rəhbəri bildirib ki, bu müddətdə bələdiyyələr tərəfindən təqdim edilmiş bələdiyyə aktlarının da sayı artıb. Belə ki, bu ilin 9 ayında Mərkəzə 28 mindən artıq bələdiyyə aktı daxil olub ki, bu da ötən ilin müvafiq dövründəkindən 11 min çoxdur.
Səlimzadə bunu bələdiyyələrin fəaliyyətində müsbət hal kimi qiymətləndirib və qeyd edib ki, bələdiyyələrlə bağlı inzibati məsuliyyət tədbirlərinin gücləndirilməsinin nəticəsidir.
"Mərkəzə bələdiyyə aktını vaxtında göndərməyən bələdiyyələr inzibati məsuliyyətə cəlb edilirlər", - o deyib.
Səlimzadə bu ilin 9 ayında bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin sayının azalmasını da bələdiyyələrin fəaliyyətindəki müsbət addım kimi qiymətləndirib. Bu il bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaşlardan Mərkəzə 800-ə qədər müraciət daxil olub. Ötən il bu göstərici 1400 olub.