Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir M.Əliyev /
Xəzər dənizinin yerüstü mənbələr və çaylarla çirkləndirmələrdən mühafizəsi bu günün ən aktual məsələsidir. Bu barədə Azərbaycanın Ekologiya və Təbii Sərvətələr Nazirliyinin Ekologiya və təbiəti mühafizə şöbəsinin rəisi Rasim Səttarzadə Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Tehran Çərçivə Konvensiyasının qəbul edilməsinin 19-cu ildönümünə həsr olunmuş videokörpü zamanı bildirib.
O, qeyd edib ki, Azərbaycanda Xəzər sahilləri kənarında mövcud təmizləyici qurğuların müasirləşdirilməsi və yenilərinin tikintisi üzrə irimiqyaslı işlər görülür.
"Bundan başqa, Sumqayıtda yeni təmizləmə qurğusu inşa edilir. Bu işlərin yekunu üzrə ölkənin bütün nöqtələrində təmizləyici qurğular yaradılacaq", - Səttarzadə deyib.
Nazirliyin şöbə müdiri Tehran Konvensiyasının başlıca məqsədinin Xəzərin çirklənməsinin azaldılması, gəmilərin törətdikləri çirklənmələrdən dənizin mühafizəsi üzrə tədbirlərin görülməsi, Xəzərin bioloji müxtəlifliyinin qorunması və Xəzərdə birgə monirtorinqlərin aparılması olduğunu xatırladıb.
Onun sözlərinə görə, karbohidrogenlərin hasilatı Xəzərin çirklənməsinin başlıca səbəbi deyil.
"Neft hasil olunmalıdır. Sadəcə olaraq, müasir texnologiyar və nəzarət metodları tətbiq etməklə riskləri minimallaşdırmaq lazımdır", - Səttarzadə qeyd edib.