...

Bakı sürücülərinə xəbərdarlıq: pərdə və plyonkalar yığışdırılır

Cəmiyyət Materials 6 Noyabr 2012 15:51 (UTC +04:00)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu ilin 10 ayında paytaxtda 5 mindən çox belə avtomobil aşkarlansa da, onların sahibləri inzibati qaydada məsuliyyətə cəlb olunsa da, bu qayda pozuntusuna yol verənlərin sayı artıb.
Bakı sürücülərinə xəbərdarlıq: pərdə və plyonkalar yığışdırılır

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda pərdə və plyonkalı avtomobillərin aşkar edilməsi məqsədilə bu gündən reydlərə başlanıllıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu ilin 10 ayında paytaxtda 5 mindən çox belə avtomobil aşkarlansa da, onların sahibləri inzibati qaydada məsuliyyətə cəlb olunsa da, bu qayda pozuntusuna yol verənlərin sayı artıb.

Bu məqsədlə yol polisi paytaxtın Nəsimi, Yasamal, Xətai və Nizami rayonlarında reydlərə başlayıb.

Günün ikinci yarısında başlayan və hazırda davam edən reydlər zamanı bir neçə avtomobil saxlanılıb.

Əsədov deyib ki, həmin avtomobillərin ban şüşələrinə çəkilmiş örtüklər sökülür, sürücüləri barəsində inzibati protokol tərtib edilərək cərimələnirlər.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunda sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib.

Bu qanunun tələblərinə əsasən, işıqburaxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.

Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır.

Qanunun tələbinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 155.2.4-cü maddəsinin tələbinə görə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə 30 manat məbləğində cərimə nəzərdə tutulur.

Milli Məclisin bir neçə gün öncə qəbul etdiyi və hələlik qüvvəyə minməyən qanunla bu cərimənin məbləği 50 manata çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti