Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Turizm İnstitutu (ATİ) Türkiyənin daha bir universiteti ilə akademik əməkdaşlıq və mübadilə protokolu imzalayıb.
İnstitutun mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, dekabrın 5-də Türkiyənin İğdır Universitetinin rektoru professor İbrahim Hakkı Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Turizm İnstitutunun qonağı olub.
Hakkı İğdır Universitetinin 2008-ci ildə yarandığını, ümumilikdə 2800 nəfər tələbənin oxuduğunu deyib. O bildirib ki, Ağrıdağ Araşdırma Mərkəzində əhəmiyyətli tədqiqatlar aparılır. Daha bir ixtisas üzrə yeni struktur - turizm fakültəsi açılacaq.
Görüşün sonunda ATİ və Türkiyənin İğdır Universiteti arasında akademik əməkdaşlıq və mübadilə protokolu imzalanıb. Ali təhsil müəssisələri arasında bağlanan sənəddə tədris və tədqiqat işləri üzrə çalışan əməkdaşların, eləcə də tələbələrin mübadiləsi, ikili diplom proqramlarının, akademik tədqiqat nəticələrinin, müştərək çap məhsulları, o cümlədən mədəni tədbir, elmi konfrans və görüşlərin keçirilməsi istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.