...

Azərbaycanda narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qrup zərərsizləşdirilib

Cəmiyyət Materials 7 Dekabr 2012 21:03 (UTC +04:00)
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, TK-335 saylı Bakı-İstanbul aviareysi ilə uçmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gəlmiş Bağırov Əfqan İlham oğlu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci sərnişin şöbəsində gömrük nəzarətindən keçdikdən sonra saxlanılıb, ona məxsus üzərində “Summit” yazısı olan qara rəngli çamadana gömrük əməkdaşları tərəfindən baxış keçirilib.
Azərbaycanda narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qrup zərərsizləşdirilib

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Azərbaycanda narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qrup zərərsizləşdirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, TK-335 saylı Bakı-İstanbul aviareysi ilə uçmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gəlmiş Bağırov Əfqan İlham oğlu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci sərnişin şöbəsində gömrük nəzarətindən keçdikdən sonra saxlanılıb, ona məxsus üzərində "Summit" yazısı olan qara rəngli çamadana gömrük əməkdaşları tərəfindən baxış keçirilib. Gömrük baxışı zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə astarın altından çamadanın yan divarlarına bərkidilmiş və üzəri boz rəngli yapışqanlı izolyasiya lenti ilə sarınmış şəffaf plastik lövhənin kanallarındakı boşluqlara doldurulmuş külli miqdarda, xalis çəkisi 2295,7 qram olan metamfetamin psixotrop maddəsi aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə DGK İstintaq İdarəsində cinayət işi başlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Hüseynov Elnur Elxan oğlu İran İslam Respublikasında şəxsiyyətləri müəyyən edilməmiş şəxslərlə satış məqsədilə qanunsuz olaraq psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə, gömrük nəzarətindən gizli Azərbaycanın gömrük sərhədindən tranzit qaydada keçirməklə İrandan Tailand və Malayziya Krallıqlarına göndərmə cinayətlərini törətmək üçün sabit cinayətkar qrup - mütəşəkkil dəstə yaradıb, cinayətlərin törədilməsini planlaşdırıb, cinayətlərin edilməsi üçün dəstəyə digər iştirakçılar, o cümlədən Cabbarzadə Yeganə Əlişah qızını, Bağırov Əfqan İlham oğlunu və Rzayev Bayram Nadir oğlunu cəlb edərək onları təlimatlandırıb, iştirakçıların fəaliyyətlərini əlaqələndirib, cinayətlərin törədilməsi prosesində meydana çıxan məsələlərlə əlaqədar iştirakçılara göstərişlər verib, cinayətlərin icraçılarına haqq ödənilməsi və cinayətkar fəaliyyət üçün zəruri pul vəsaitlərinin əldə edilməsini təşkil edib və beləliklə planlaşdırdıqları cinayətlərin törədilməsinə rəhbərlik edib.

Belə ki, Elnur Hüseynov həmin məqsədlə Tehran şəhərində külli miqdarda, 2295,7 qram metamfetamin psixotrop maddəsini alaraq cinayətkar fəaliyyətə cəlb etdiyi Cabbarzadə Yeganə Əlişah qızına verib, Yeganə Cabbarzadə qeyd edilən miqdarda psixotrop maddəni E.Hüseynovdan qəbul edərək həmin gün Tehran-Astara avtobusu ilə İran Astarasına, oradan da Azərbaycanın gömrük sərhədindən, gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Astara şəhərində onu qarşılamış cinayətkar qrupun digər üzvü Rzayev Bayram Nadir oğlunun idarə etdiyi "Mercedes Benz" markalı, 90 BD 671 dövlət nömrə nişanlı avomobilin yük yerində Bakı şəhərinə daşıyıb və Bakı şəhərində B.Rzayevə təhvil verib. Bayram Rzayev içərisində külli miqdarda psixotrop maddə gizlədilmiş həmin çamadanı Y.Cabbarzadədən qəbul edərək, Elnur Hüseynovun tapşırığına əsasən, cinayətkar qrupun başqa bir üzvü Bağırov Əfqan İlham oğlu ilə görüşərək Tailand Krallığına daşıması üçün çamadanı verib və sonuncunu içərisində külli miqdarda psixotrop maddə gizlədilmiş həmin çamadanla birlikdə idarə etdiyi avtomobillə Heydər Əliyev Beynəlxalq Hava Limanına gətirib yola salıb, Ə.Bağırov isə külli miqdarda psixotrop maddəni B.Rzayevdən qəbul edərək TK-335 saylı Bakı-İstanbul aviareysi ilə tranzit qaydada Türkiyə Respublikasına, oradan da Tailand Krallığına daşımaq üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci sərnişin şöbəsində Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edib.

Cinayət işi üzrə Cabbarzadə Yeganə Əlişah qızı, Rzayev Bayram Nadir oğlu və Bağırov Əfqan İlham oğlu CM-nin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilib, cinayətlərin təşkilatçısı Hüseynov Elnur Elxan oğlu isə CM-nin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbsli axtarış elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Cabbarzadə Yeganə Əlişah qızı, Rzayev Bayram Nadir oğlu və Bağırov Əfqan İlham oğlu CM-nin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək hər biri 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.

Cinayət işinin istintaqı zamanı qrupun cinayətkar fəaliyyəti ilə bağlı həmçinin 4 nəfər Azərbaycan vətəndaşının - Quliyev Ruslan Xanqulu oğlunun, Abdullayev Nəbi Yaşar oğlunun, Ələkbərov Niyammədin Xanlar oğlunun və İsmayılova İradə Namid qızının psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı Malayziyada, digər Azərbaycan vətəndaşının - Məmmədov Rəşad Kamal oğlunun Birləşmiş Ərəb Əmirliklərində saxlanıldığı müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti