Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın ali təhsil sistemində islahatların aparılmasını nəzərdə tutan "Azərbaycan ali təhsil sistemində islahatlar layihəsi" 2014-cü ildə Dünya Bankının krediti hesabına maliyyələşdiriləcək layihələr sırasındadır. Bu barədə Trend-ə Təhsil Nazirliyində "Azərbaycanın təhsil sektorunun inkişafı layihəsi"nin əlaqələndirmə qrupundan məlumat verilib.
Bildirilib ki, ancaq bu, layihənin icrasına 2014-cü ildən başlamaq demək deyil.
Sözügedən beşillik layihə artıq Azərbaycan hökumətinə təqdim edilib. Ancaq hökumətdən hələ TN-ə layihə ilə bağlı rəsmi cavab bildirilməyib.
Layihənin 3 əsas komponenti var. İlk komponent ali təhsil sisteminin təkmilləşdirilməsidir. Buna uyğun olaraq, ali təhsildə idarəetmənin, keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi, ali təhsil almaq imkanlarının genişləndirilməsi və bərabərləşdirilməsi, maliyyə islahatlarının aparılması təklif edilir.
Layihənin ikinci komponenti ali təhsil müəssisələrinin inkişaf etdirilməsidir. Bu komponentə uyğun olaraq, ali təhsil müəssisələrində institusional rəhbərlik və menecmentin dəyişdirilməsi, ali məktəbin daxilində keyfiyyəti idarəetmənin daxili mexanizmlərinin təkmilləşdirilməsi, rəqabətlilik innovasiya qrantları proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin üçüncü komponenti isə texniki komponentdir. Bu komponent layihənin idarəetmə və monitorinqi, qiymətləndirilməsinin aparılmasını nəzərdə tutur.