...

İş vaxtından artıq iş: qanunvericilikdəki ciddi boşluq

Cəmiyyət Materials 22 Yanvar 2013 13:27 (UTC +04:00)
Bu gün ölkə ərazisindəki əksər idarə, müəssisə və təşkilatlarda işçilərin iş vaxtından artıq işə cəlb edilməsi ilə bağlı hallara rast gəlinir. Əksər hallarda işçilər həmin işlərə qanunvericilikdə göstərilmiş hallarda - təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə deyil, bəzən işəgötürənin zəruri hesab etdiyi digər hallarda da cəlb olunurlar.
İş vaxtından artıq iş: qanunvericilikdəki ciddi boşluq

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Bu gün ölkə ərazisindəki əksər idarə, müəssisə və təşkilatlarda işçilərin iş vaxtından artıq işə cəlb edilməsi ilə bağlı hallara rast gəlinir. Əksər hallarda işçilər həmin işlərə qanunvericilikdə göstərilmiş hallarda - təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə deyil, bəzən işəgötürənin zəruri hesab etdiyi digər hallarda da cəlb olunurlar. Əslində, təcrübədə geniş yayılmış bu hal, əmək qanunvericiliyinin əsas prinsipləri və işçilərin əmək hüquqlarının müdafiəsi ilə ziddiyyət təşkil edir.

Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən iş vaxtından artıq iş dedikdə, işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi başa düşülür. Həmin maddəyə uyğun olaraq, Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə yol verilir.

Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin partnyoru, vəkil Gülnar Qurbanova bildirib ki, Əmək Məcəlləsinin 99-cu və 101-ci maddəsini əlaqəli şəkildə təhlil edəndə görünür ki, işçi yalnız 101-ci maddədə müəyyən edilmiş müstəsna hallarda iş vaxtından artıq işlərə cəlb edilə bilər. Təbii ki, Əmək Məcəlləsinin işçilər üçün müəyyən etdiyi gündəlik (həftəlik) normal iş vaxtının müddəti baxımından qanunun bu tələbi anlaşılandır.
Onun sözlərinə görə, əmək münasibətləri sahəsində yaranmış təcrübə Məcəllənin sözügedən maddələrindən əskin fərqlənir.

"Belə ki, işəgötürənlər iş prosesində yaranmış zərurətlə bağlı işçinin razılığı ilə və əvəzi ödənilmək şərti ilə işçiləri artıq işlərə cəlb edə bilirlər. Təcrübə eyni zamanda onu da göstərir ki, əgər faktiki olaraq işçi artıq işə cəlb edilibsə və bunun müqabilində əlavə əmək haqqı alıbsa, o zaman belə hallar nəzarət orqanları tərəfindən əmək qanunvericiliyinin pozuntusu kimi qiymətləndirilmir", Qurbanova deyib.

Vəkil hesab edir ki, əgər işçinin maraqlarına xələl gətirmədən iş vaxtından artıq işlərin son həddi gözlənilərsə, bununla da həm işçi, həm işəgötürən əlavə iş prosesindən məmnun qalarsa, bu halda işçiyə iş vaxtından sonra əlavə qazanc əldə etmək imkanının verilməsi ədalətli görünür.

"Burada bir məqama da toxunmaq lazımdır ki, hər bir halda əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsinin iş vaxtından artıq iş hesab olunması üçün burada təşəbbüs məhz işəgötürən tərəfindən gəlməlidir. Yəni işçi öz istəyi ilə işdən sonra qalıb işləyirsə, bu iş vaxtından artıq iş hesab oluna bilməz.

Müqayisə üçün qeyd edək ki, məsələn, Rusiya Federasiyasının Əmək Məcəlləsinin 99-cu maddəsi işçilərin iş vaxtından artıq işlərə cəlb edilməsinin müstəsna hallarını müəyyən etməklə bərabər, bunu, işçinin razılığı və həmkarlar ittifaqının rəyi nəzərə alınmaqla, digər hallarda da mümkün edir. Göründüyü kimi, qanun işəgötürənə imkan verir ki, artıq işin görülməsinin zəruriliyini özü müəyyən etsin", o deyib.

Qurbanovanın fikrincə, qanunvericilik və yaranmış təcrübə arasında olan fərq aradan qaldırılmalı, tərəflərin hüquq bərabərliyi və maraqlarının balansı qorunmaqla, əmək qanunvericiliyi bu sahədə təkmilləşdirilməlidir.
"Əmək Məcəlləsinə işçinin razılığı ilə işəgötürənin zəruri hesab etdiyi hallarda da işçinin iş vaxtından artıq işə cəlb edilməsinə dair müddəa əlavə edilməlidir", BHM-in partnyoru vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti