...

İsmayıllıda baş verən insidentlə bağlı iki nəfər saxlanılıb

Cəmiyyət Materials 24 Yanvar 2013 09:29 (UTC +04:00)
İsmayıllıda baş verən insidentlə bağlı "Çıraq" hotelinin administratoru Emil Şəmsəddinov və istirahət etmək üçün onunla birgə rayona gələn Elməddin Məmmədov saxlanılıb.
İsmayıllıda baş verən insidentlə bağlı iki nəfər saxlanılıb

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İzzət/

İsmayıllıda baş verən insidentlə bağlı "Çıraq" hotelinin administratoru Emil Şəmsəddinov və istirahət etmək üçün onunla birgə rayona gələn Elməddin Məmmədov saxlanılıb. Bu barədə Trend-ə İsmayıllı rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır. Hadisə zamanı İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları Əsgərov Səfa Ədalət oğlu, Lətifov İmran Vahid oğlu və Kərimov Rauf Bəxtiyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Aksiya iştirakçılarından isə heç kim polis əməkdaşları tərəfindən saxlanılmayıb. Dörd saat davam edən aksiyanın dinc yolla sakitləşdirilməsi üçün tədbirlər görülüb və gecə saat 02:30 radələrində insanlar evlərinə gediblər.

Qeyd edək ki, İsmayıllı şəhərində fəaliyyət göstərən "Çıraq" hotelinin adminstratoru - Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Şəmsəddinov Emil Məhərrəm oğlu sərxoş vəziyyətdə idarə etdiyi minik maşını ilə yanvarın 23-də axşam saat 21:30 radələrində İsmayıllı şəhərinin Nizami küçəsi ilə hərəkətdə olarkən qəza törədib. Emil Şəmsəddinov avtomobilini əvvəlcə yolun kənarındakı səkiyə, sonra isə işıq dirəyinə çırpıb.

Rayon polisinin verdiyi məlumata görə, baş verən hadisə zamanı xəsarət alan olmasa da, sürücü Emil Şəmsəddinov və onun avtomobilindəki dostu - Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Məmmədov Elməddin Lazım oğlu maşından düşərək yolun kənarında dayanmış "VAZ 21074" markalı minik avtomobilinə ayaqla bir neçə zərbə vuraraq onu əziblər. Sonra həmin şəxslər taksi fəaliyyəti ilə məşğul olan "VAZ 21074"-ün sürücüsü 1985-ci il təvəllüdlü Bəkirov Ramil Əlimurad oğlunu döyüblər. Sürücü Bəkirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, onlar arasında baş verən bu insident şəhər əhalisinin sıx toplaşdığı yerdə baş verdiyi üçün əraziyə xeyli sayda adam toplaşıb. Emil Şəmsəddinov orada toplaşan 200-ə yaxın İsmayıllı sakinini nalayiq söyüşlərlə təhqir edib. Sonradan Emil Şəmsəddinov ümumilikdə İsmayıllı əhalisinin ünvanına kobud və təhqiramiz ifadələr söyləyib. Qısa vaxt ərzində ümumilikdə 3 minə yaxın rayon sakini əraziyə toplaşaraq sahibkar Emil Şəmsəddinovun müdir işlədiyi "Çıraq" hotelinə tərəf hərəkət edərək obyekti daş-qalaq edib. Sonra insanlar hasardan aşaraq hotelin həyətinə keçiblər və darvazanı aşırıblar.

Darvazanın aşması nəticəsində İsmayıllı rayonunun Günəşli qəsəbə sakini 1983-cü il təvəllüdlü Nəsirov Emin Bəxtiyar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hotelin həyətinə daxil olan kütlə oradakı "Chevrolet Niva", "Chevrolet Camaro" və "Hummer" markalı minik avtomobillərini yandırıblar. Sonra onlar hotelin sındırılmış pəncərələrindən içəri daxil olaraq ikimərtəbəli hoteli yandırıblar.

Sonra iğtişaş iştirakçıları İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərovun evinə basqın ediblər. Onlar evin həyətindəki "Toyota Land Cruiser" markalı minik maşınını, iki ədəd dördtəkərli motosikleti və istirahət guşəsini yandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti