Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir M.Əliyev/
Azərbaycanda qanunsuz verilmiş 8 min hektar torpaq bələdiyyə mülkiyyətinə qaytarılıb. Trend-in məlumatına görə, bunu cümə günü Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bildirib.
Onun sözlərinə görə, ötən il qanunsuzluğun digər forması bələdiyyə mülkiyyətindən düzgün istifadə edilməməsi, bələdiyyələrin öz iclaslarını vaxtında keçirməməsi və sənədlərin tərtibində qanunsuzluqlara yol verilməsi ilə bağlı olub. Səlimzadə deyib ki, 600 belə sənəd geri qaytarılıb.
O qeyd edib ki, son illərdə bələdiyyələrlə aparılan maarifləndirmə işi nəticəsində onların fəaliyyətində ciddi dönüş yaradılıb və onların qəbul etdikləri sənədlər normativ aktların tələblərinə cavab verir.
"Bunun nəticəsində, bələdiyyələrdən qəbul edilən aktların həcmi 64 faiz artıb", - Səlimzadə deyib.
Mərkəzin rəisi eyni zamanda vurğulayıb ki, bəzi bələdiyyələrdə sənədlərin qanun çərçivəsində hazırlanmasında səhlənkarlığa yol verilib.
"400 bələdiyyədə belə fakt aşkarlanıb və onlar barəsində tədbir görülüb", - o deyib.
Səlimzadə qeyd edib ki, bəzi bələdiyyələrin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilib ki, onların da fəaliyyətinə hüquqi qiymət verilməsi istiqamətində əməli tədbirlər görülür.
"Biz təkcə bələdiyyələrin fəaliyyətindəki qanunsuzluğu ortaya çıxarmaq deyil, bu nöqsanların aradan qaldırılması istiqamətində köməklik edirik və profilaktiki qabaqlayıcı tədbirlər görürük. Bu məqsədlə ötən müddət ərzində 4 minə yaxın belə tövsiyə xarakterli təkliflər bələdiyyələrə verilib ki, bu da onların fəaliyyətinin effektivliyinin və şəffaflığının artırılmasına yardımçı olub", - Mərkəz sədri deyib.