...

Bakı yol polisi sürücüləri təmkinli olmağa çağırdı

Cəmiyyət Materials 19 Fevral 2013 17:27 (UTC +04:00)
Bakıda aramsız yağışa baxmayaraq, hələ ki işıqforlar işləyir. Lakin yağışın intensivliyi bəzi küçə və yolları keçilməz edib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov bildirib.
Bakı yol polisi sürücüləri təmkinli olmağa çağırdı

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İzzət/

Bakıda aramsız yağışa baxmayaraq, hələ ki işıqforlar işləyir. Lakin yağışın intensivliyi bəzi küçə və yolları keçilməz edib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, Bakı-Sumqayıt yolunda, Səbail, Nəsimi, Yasamal, Binəqədi, Nərimanov, Xətai rayonlarında hərəkətin sıxlığı və uzun tıxaclar müşahidə olunur. Bundan əlavə, Azadlıq, Tbilisi, Mətbuat prospektləri, 3-cü mikrorayon, Mərkəzi Statistika dairəsi, Füzuli meydanı, İstiqlaliyyət, Səməd Vurğun, Bakıxanov, Rəşid Behbudov, 28 May küçələrində, Badamdar yolunda hərəkətin sürəti xeyli aşağı düşüb. Xüsusilə, Bəşir Səfəroğlu küçəsi, Biləcəri qəsəbəsi daxili, Mikayıl Müşfiq küçəsinin enişi və "Kempinski" hotelinin qarşısında hərəkət demək olar ki qeyri-mümkün olub.

Əsədov bildirib ki, həmin ərazilər yol polisi əməkdaşları tərəfindən nəzarətə götürülüb və hərəkət tənzimlənir.

Nəqliyyat vasitələrinin sürücülərinə müraciət edən Bakı yol polisinin sözçüsü onları diqqətli və təmkinli olmağa çağırıb.

"Yaxşı olar ki, sürücülər belə hava şəraitində şəxsi avtomobillərdən istifadədən mümkün qədər imtina etsinlər və ictimai nəqliyyatdan istfadəyə üstünlük versinlər. Əgər belə hava şəraitindən asılı olaraq yol kəsişmələrində işıqforlar iş prinsipini itirirsə, təmkinli olsunlar. Yol nişanlarının tələblərinə uyğun hərəkət etsinlər. Əgər nişanlar da yoxdursa, sağdan gələn nəqliyyat vasiitəsinə üstünlük versinlər. Xüsusilə diqqət yetirsinlər, əgər yolun kəsişmə hissəsindəki qarşı yolda tıxac varsa və nəqliyyat vasitələri hərəkət etmirsə, belə yolayrıcına daxil olmasınlar. Əks halda uzunmüddətli tıxacla qarşılaşacaqlar", - Əsədov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti