...

Azərbaycan həqiqətləri Türkiyənin Uşak şəhərində təqdim olunub (FOTO)

Cəmiyyət Materials 21 Fevral 2013 13:47 (UTC +04:00)
Türkiyənin Uşak şəhərində Azərbaycan həqiqətləri, “Hocalı Soykırımı: tanıkların dili ile”, “Qaradağlı soyqırımı: şahidlərin dili ilə” kitabları, “Hocalı Soykırımı: tanıkların dili ile” və “Ruhum Qarabağlıdır” filmləri təqdim olunub.
Azərbaycan həqiqətləri Türkiyənin Uşak şəhərində təqdim olunub (FOTO)

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Türkiyənin Uşak şəhərində Azərbaycan həqiqətləri, "Hocalı Soykırımı: tanıkların dili ile", "Qaradağlı soyqırımı: şahidlərin dili ilə" kitabları, "Hocalı Soykırımı: tanıkların dili ile" və "Ruhum Qarabağlıdır" filmləri təqdim olunub.

"Hocalı Soykırımı: tanıkların dili ile", "Qaradağlı soyqırımı: şahidlərin dili ilə" kitablarının həmmüəllifi, "Azərbaycan həqiqətləri" filmlər toplusunu, "Hocalı Soykırımı: tanıkların dili ile" və "Ruhum Qarabağlıdır" filmlərini hazırlayan təşkilatlardan biri olan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva bildirib ki, bu layihələrin hazırlanmasında məqsəd 20-ci əsrin əvvəllərində erməni terror təşkilatlarının, erməni silahlı dəstələrin topraqlarımızda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımıları və 20-ci əsrin sonlarında Ermənistanın işğal etdiyi torpaqlarımızda dinc insanlarımıza qarşı törətdiyi soyqırımları, vandalizm aktları bütün dünyaya daha geniş şəkildə təbliğ etmək işinə dəstək göstərməkdir.

Millət vəkili Qənirə Paşayeva "Azərbaycan həqiqətləri" filmlər toplusu haqqında məlumat verərək deyib ki, burada 20-ci əsrin əvvəllərində erməni terror təşkilatlarının Azərbaycanda dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımılar - "Soyqırımı:Bakı", "Soyqırımı:Quba", "Soyqırımı:Şamaxı" adlı 3 film şəklində 3 diskdə öz əksini tapır. "Həmçinin, topluda Ermənistanın 20-ci əsrin sonlarında dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımılar "Xocalı soyqırımı", "Qaradağlı soyqırımı", "Ağdaban faciəsi" adlı 3 film şəklində öz əksini tapır. Bundan başqa, topluda Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Şuşa və Ağdam şəhərlərində həyata keçirdikləri vandalizm aktlarını özündə əks etdirən "Dağıdılmış mədəniyyət beşiyi - Şuşa" və "Ağdam; Qafqazın Xirosiması" filmləri də yer alıb".

Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan ordusunun törətdiyi soyqırım qurbanlarının əziz xatirəsinə həsr olunmuş "Qaradağlı Soyqırımı: şahidlərin dili ilə" kitabı haqqında məlumat verən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu kitabda Qaradağlı soyqırımı şahidlərinin, ermənilərin əsir və girovluğunda amansız işgəncələrə məruz qalmış Xocavənd rayon Qaradağlı kənd sakinlərinin acı xatirələri yer alıb. Kitabda soyqırım dəhşətlərini, ümumən erməni terrorunu əks etdirən foto-faktlar, dəqiq rəqəmlərlə tərtib olunmuş siyahılar, o cümlədən, həlak olan, əsir və girov götürülən Qaradağlı sakinlərinin siyahıları verilib.

"Hocalı Soykırımı: tanıkların dili ile" kitabında Xocalı soyqırımı şahidlərinin, ermənilərin əsir və girovluğunda amansız işgəncələrə məruz qalmış Xocalı sakinlərinin acı xatirələrinin yer aldığını qeyd edən millət vəkili Qənirə Paşayeva Türkiyə türkcəsində nəşr olunmuş kitabın Xocalı həqiqətlərinin qardaş ölkədə də daha geniş təbliği işinə xidmət edəcəyinə inandığını söyləyib.

Millət vəkili Qənirə Paşayeva bildirdi ki, bu materiallar Azərbaycan həqiqətlərinin daha geniş şəkildə təbliği məqsədilə Türkiyənin müxtəlif şəhərlərində, o cümlədən dünyanın müxtəlif ölkələrində də təqdim olunacaq, bütün dünyada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarına, universitetlərə, kitabxanalara da veriləcək.

Materiallar Uşak şəhərinin universitetlərinə, kitabxanalarına, KİV-inə və qeyri-hökumət təşkilatlarına təqdim olunub.

Tədbirdə millət vəkili Qənirə Paşayevanın "Ruhum Qarabağlıdır " şeirlər silsiləsi əsasında Xocavənd rayon ictimaiyyəti tərəfindən hazırlanmış sənədli filmi də tədbir iştirakçılarına təqdim olunub. Təqdimat mərasimində iştirak edən Uşak Universitetinin rektoru professor Said Çelik təqdim edilən materialların türk gəncliyi arasında yayılmasının vacibliyini qeyd edib və Azərbaycan həqiqətlərinin dünyada daha da geniş yayılması işində öz töhfəsini verəcəyinə inandığını deyib.

Sosial aktiviteler Klubunun təmsilçisi Ela Züngün millət vəkili Q.Paşayevaya bu cür təqdimatların keçirilməsinə görə təşəkkür etdi və bu kimi materialların türk gəncliyi arasında yayılmasının vacibliyini qeyd etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti