...

Peşə liseylərinin buraxılış imtahanlarında 924 nəfər ana dilindən, 828 nəfər riyaziyyatdan "iki" alıb

Cəmiyyət Materials 19 Mart 2013 15:01 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) martın 17-də respublikanın bütün peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün keçirdiyi buraxılış imtahanlarında 924 nəfər ana dilindən, 828 nəfər isə riyaziyyatdan "iki" qiyməti alıb.
Peşə liseylərinin buraxılış imtahanlarında 924 nəfər ana dilindən, 828 nəfər riyaziyyatdan "iki" alıb

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) martın 17-də respublikanın bütün peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün keçirdiyi buraxılış imtahanlarında 924 nəfər ana dilindən, 828 nəfər isə riyaziyyatdan "iki" qiyməti alıb. Bunu çərşənbə axşamı Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.

Onun sözlərinə görə, imtahanda iştirak edən 4675 şagirdin yalnız 4 nəfəri ana dilindən "beş" alıb. Riyaziyyatdan isə "beş" qiyməti alan olmayıb. Şagirdlərin 84 nəfəri ana dilindən, 96 nəfəri riyaziyyatdan "dörd", 3663 nəfəri ana dilindən, 3751 nəfəri riyaziyyatdan "üç" qiyməti alıb.

Nağızadə bildirib ki, buraxılış imtahanı verən Azərbaycan bölməsinin məzunları ana dili və riyaziyyat fənlərinin hər birindən 0-4 suala düzgün cavab verdikdə "iki", ana dilindən 5-16, riyaziyyatdan 5-15 suala düzgün cavab verdikdə "üç", Ana dilindən 17-25, riyaziyyatdan 16-25 suala düzgün cavab verdikdə "dörd", ana dilindən 26-30, riyaziyyatdan 25-30 suala düzgün cavab verdikdə "beş" qiyməti alıblar. Rus bölməsinin məzunları üçün riyaziyyat fənni üzrə düzgün cavab verməsi tələb olunan sualların sayı elə Azərbaycan bölməsində olduğu kimidir. Ancaq ana dilindən 0-4 suala düzgün cavab verənlər "iki", 5-16 suala düzgün cavab verənlər "üç", 17-24 suala düzgün cavab verənlər "dörd", 25-30 suala düzgün cavab verənlər isə "beş" qiyməti alıblar.

Qeyd edək ki, peşə liseylərinin şagirdləri imtahan qiymətləri və yekun qiymətləndirmənin nəticələri ilə TQDK-nın saytında yerləşdirilmiş "Şagird-Məzun sistemi"ndəki öz səhifələrinə daxil olmaqla da tanış ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti