...

Gənclər Fondunun Müşahidə Şurası ilk iclasını keçirib

Cəmiyyət Materials 3 Aprel 2013 17:34 (UTC +04:00)
Trend Gənclər Fondunun mətbuat xidmətinə istinadən məlumat verir ki, bu gün Azərbaycan Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının yeni təyin edilmiş heyətinin ilk iclası keçirilib.
Gənclər Fondunun Müşahidə Şurası ilk iclasını keçirib

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Gənclər Fondunun Müşahidə Şurası ilk iclasını keçirib.

Trend Gənclər Fondunun mətbuat xidmətinə istinadən məlumat verir ki, bu gün Azərbaycan Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının yeni təyin edilmiş heyətinin ilk iclası keçirilib.

Bütün üzvlərin iştirak etdiyi iclasda təşkilati məsələlərə baxılıb.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov Müşahidə Şurasının sədri, gənclər və idman nazirinin müavini İntiqam Babayev Şura sədrinin müavini, "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyinin idarə heyətinin sədri Seymur Orucov Şuranın katibi seçiliblər.

Müşahidə Şurasının reqlamenti təsdiq edildikdən sonra, 2012-ci il dekabrın 26-dan 2013-cü il fevralın 15-dək elan edilmiş ikinci qrant müsabiqəsi çərçivəsində A (yerli layihələr), B (beynəlxalq layihələr) və C (fərdi layihələr) kateqoriyaları üzrə Fonda təqdim edilmiş layihələrə baxılıb.

Qeyd edilib ki, göstərilən müddətdə qeyri-hökumət təşkilatları və yaradıcı gənclərdən cəmi 387 layihə təklifi daxil olub, onlardan 132-si gənclər təşkilatı olmadığına görə müsabiqədən kənarlaşdırılıb. Beləliklə, A kateqoriyası üzrə 147, B kateqoriyası üzrə 34, C kateqoriyası üzrə 74 layihə (cəmi 255 layihə) Müşahidə Şurasının müzakirəsinə təqdim olunub.

Müzakirələr nəticəsində Müşahidə Şurası A kateqoriyası üzrə 117, B kateqoriyası üzrə 18, C kateqoriyası üzrə 35 layihənin (cəmi 170 layihə) maliyyələşdirilməsi barədə qərar qəbul edib. Həmin layihələrin maliyyələşdirilməsinə cəmi 1 389 740 manat vəsait ayrılıb (ikinci qrant müsabiqəsinin yekunları aprelin 5-də Gənclər Fondunun saytında yerləşdiriləcək).

Müşahidə Şurasının iclasında yaxın aylarda növbəti qrant müsabiqəsinin elan edilməsi barədə razılığa gəlinib.

Qeyd edək ki, Gənclər Fondu Azərbaycan Prezidentinin 2011-ci il 19 dekabr tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyinin yanında yaradılıb. Bir il sonra - 2012-ci il dekabrın 29-da dövlət başçısının fərmanı ilə qurumun statusu dəyişdirilərək, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu adlandırılıb. Dövlət başçısının sərəncamı ilə Fərhad Hacıyev Fondun icraçı direktoru təyin edilib.

Fondun fəaliyyətinə ümumi nəzarəti Müşahidə Şurası həyata keçirir. Şuranın 9 üzvündən 5-i dövlət orqanlarını, 4-ü isə gənclər təşkilatlarını təmsil edir. Azərbaycan Prezidentinin 2013-cü il 4 mart tarixli sərəncamı ilə aşağıdakı şəxslər Müşahidə Şurasının üzvü təyin olunublar:

Dövlət orqanlarından: Tahir Süleymanov - Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini; İntiqam Babayev - gənclər və idman nazirinin müavini; Qulu Novruzov - təhsil nazirinin müavini; Nazim Səmədov - mədəniyyət və turizm nazirinin müavini; Cavid Məmmədov - Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini; gənclər təşkilatlarından: Şahin Seyidzadə - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri; Şahin İsmayılov - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri; Seymur Orucov - "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyinin İdarə Heyətinin sədri; Nurəddin Mehdiyev - "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti