...

TQDK monitorinq imtahanlarının keçirilməsi ilə bağlı detalları açıqlayıb

Cəmiyyət Materials 17 Aprel 2013 14:39 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Prezidentinin 16 yanvar 2013-cü il tarixli fərmanına müvafiq olaraq, yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi təhsil müəssisələrində monitorinq imtahanlarının keçirilməsi ilə bağlı bəzi detalları açıqlayıb.
TQDK monitorinq imtahanlarının keçirilməsi ilə bağlı detalları açıqlayıb

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Prezidentinin 16 yanvar 2013-cü il tarixli fərmanına müvafiq olaraq, yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi təhsil müəssisələrində monitorinq imtahanlarının keçirilməsi ilə bağlı bəzi detalları açıqlayıb.

Komissiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, cari ildə monitorinq imtahanları V və XI siniflər üzrə aparılacaq. Bu imtahanlar respublikanın 29 bölgəsini əhatə etməklə ümumilikdə 722 orta ümumtəhsil müəssisəsində keçiriləcək.

İlk monitorinq imtahanı Bakı, Abşeron və Sumqayıtda imtahan fənləri üzrə ayrı-ayrı günlərdə olmaqla, aprelin 23, 24 və 25-də keçiriləcək. Digər bölgələrdə keçiriləcək imtahanların tarixləri barədə yaxın vaxtlarda məlumat veriləcək.

V sinif şagirdləri üçün imtahan Ana dili və riyaziyyat fənni üzrə keçiriləcək. Ana dili imtahanında şagirdlərin bacarığı həm açıq tipli test tapşırıqları ilə, həm də yazı işi ilə yoxlanacaq. Belə ki, 1 saat 30 dəqiqə ərzində şagirdlər 20 açıq tipli test tapşırığı ilə yanaşı təqdim olunacaq mövzu üzrə yazı işləri də yerinə yetirəcəklər.

Riyaziyyat fənni üzrə isə şagirdlərə 18 açıq tipli test tapşırığı təqdim olunacaq. Bu imtahanın da müddəti 1 saat 30 dəqiqədir.

XI sinif şagirdləri isə Azərbaycan dilindən, rtiyaziyyat və fizika fənlərindən imtahan verəcəklər. Azərbaycan dili üzrə sualları cavablandırmaq üçün onlara 45 dəqiqə, fizika və riyaziyyat fənləri üzrə ayrılıqda 60 dəqiqə vaxt veriləcək. Bu imtahanda suallar ənənəvi - şoxseçimli test tapşırığı formasında təqdim olunacaq. Bu fənlərin hər birindən şagirdlərə imtahan zamanı 30 sual təqdim olunacaq. Orta ümumtəhsil müəssisələrində bu imtahanlar yalnız dövlət vəsaiti hesabına təşkil olunur və valideynlərdən hər hansı ödəniş tələb olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti